Ukrayna beş ay ərzində 485 min PUA təhvil alıb

2026/06/veyet-1782321536.jpg
Oxunub: 236     21:17     24 İyun 2026    
Ukrayna cari ilin ilk beş ayı ərzində “DOT-Chain Defence” tədarük platforması vasitəsilə ümumilikdə 485 min Pilotsuz Uçuş Aparatı (PUA) təhvil aldığını açıqlayıb.

Ordu.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri üçün alınan sistemlərin 95 faizinin yerli istehsalçılar tərəfindən təmin edildiyi bildirilib.

Ümumi dəyəri 31,4 milyard qrivna (təxminən 697 milyon dollar) olan proqram çərçivəsində müxtəlif kateqoriyalara aid çoxsaylı PUA-lar silahlanmaya qəbul edilib.

Tədarük edilən sistemlər arasında fiber-optik kabel vasitəsilə idarə olunan FPV tipli PUA-lar, “Mavic” tipli kəşfiyyat platformaları və ağır bombardman PUA-ları yer alıb. Bundan əlavə, orta və uzaq mənzilli zərbə PUA-ları, eləcə də Rusiya istehsalı olan kamikadze tipli “Şahed” PUA-larına qarşı hazırlanmış önləyici sistemlər də satın alınıb.

“DOT-Chain Defence” Ukrayna Müdafiə Təchizat Agentliyi tərəfindən idarə olunan rəqəmsal bazar platforması kimi fəaliyyət göstərir. Sistem cəbhədə xidmət aparan bölmələrə əməliyyat ehtiyaclarına uyğun avadanlığı birbaşa seçmək imkanı verir. Müqavilə, ödəniş və logistika prosesləri isə agentlik tərəfindən həyata keçirilir.

Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, platforma üzərindən verilən sifarişlərin çatdırılma müddəti orta hesabla doqquz gün təşkil edir.

Platforma həmçinin Ukrayna hökumətinin dəstəklədiyi müdafiə texnologiyaları və innovasiya təşəbbüsü olan Brave1 sistemi ilə inteqrasiya olunub. “Brave1” PUA-ların və digər hərbi texnologiyaların hazırlanması, sınaqdan keçirilməsi və tədarükünə dəstək verir.

Məlumatda qeyd olunur ki, Kiyev mart ayında PUA tədarükü prosesində əməliyyat məlumatlarının istifadəsini artırmaq məqsədilə yeni islahatlara başlayıb.

Yeni sistemə əsasən, hərbi hissələr öz ehtiyaclarını Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına təqdim edir. Lakin onlar artıq konkret PUA modeli və ya istehsalçı seçmirlər.

Bunun əvəzinə Baş Qərargah yerinə yetiriləcək tapşırıq üçün tələb olunan hərbi imkanları, yəni mənzil, faydalı yük daşıma qabiliyyəti və zərbə xüsusiyyətləri kimi meyarlar əsasında müəyyənləşdirir.

“DOT-Chain Defence”, “Brave1 Market” və digər rəqəmsal hərbi sistemlərdən əldə olunan məlumatlar əsasında mövcud platformalar müqayisə edilir və tədarük qərarları buna uyğun qəbul olunur.

Prosesdə silah və avadanlıqların döyüş effektivliyini qiymətləndirən “eBalov” platformasının məlumatlarından, eləcə də Ukraynanın DELTA döyüş meydanının idarəetmə sistemindən əldə edilən əməliyyat məlumatlarından istifadə olunur.

Ukrayna Müdafiə Nazirliyi bildirib ki, PUA ehtiyacı döyüş meydanından daxil olan keyfiyyətli məlumatlar əsasında avtomatik formalaşdırılır. Bu yanaşma insan amilini, subyektiv təsirləri və korrupsiya risklərini minimuma endirir.

Yeni islahat çərçivəsində tədarük büdcəsinin 80 faizinin döyüş şəraitində effektivliyi sübut edilmiş sistemlərə ayrılması qərara alınıb. Qalan 20 faiz isə yeni texnologiyaların sınaqdan keçirilməsi və qiymətləndirilməsi üçün istifadə olunacaq.

Ukrayna eyni zamanda düşmən PUA-larını avtonom şəkildə aşkar edib məhv edə bilən yeni nəsil önləyici sistemlərin istehsalını da artırır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   PUA  


Bizi "telegram"da izləyin