ABŞ hərbi dəniz bazası yaxınlığında itkin düşən dənizçinin meyiti tapılıb

2026/06/1782323596.jpg
Oxunub: 229     21:45     24 İyun 2026    
ABŞ Hərbi Dəniz Qüvvələrinin iyunun ortalarından itkin düşmüş hərbi qulluqçusunun meyiti Virciniya ştatındakı “Norfolk” Hərbi Dəniz Bazası yaxınlığında aşkarlanıb.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

22 yaşlı İsaak Benjamin Norris USS “Harry S. Truman” aviadaşıyıcısında xidmət edirdi. O, sonuncu dəfə iyunun 14-də “Norfolk” Hərbi Dəniz Bazasında görülmüşdü.

ABŞ Hərbi Dəniz Cinayət Araşdırmaları Xidməti (NCIS) hələlik ölüm səbəbini açıqlamayıb.

Qurumun yaydığı bəyanatda qeyd olunub ki, hadisənin bütün təfərrüatlarının araşdırılması davam edir və istintaq çərçivəsində aidiyyəti qurumlarla əməkdaşlıq edilir.

Virciniya Ştat Polisi iyunun 16-da sosial şəbəkələrdə itkin düşmüş şəxs barədə xüsusi xəbərdarlıq yaymışdı. Aparılan axtarışlar nəticəsində onun meyiti ötən həftə aşkar olunub.

Məlumatlı mənbələrin sözlərinə görə, tibbi ekspertiza nəticəsində Norrisin ölümünün qətl kimi qiymətləndirilməsi gözlənilmir.

Bununla yanaşı, “Norfolk” bazasında xidmət edən digər hərbi dənizçi Aleksandr Şlaqeter də ötən ay itkin düşüb və onun taleyi barədə hələlik məlumat yoxdur.

Şlaqeter USS “Ted Stevens” gəmisində xidmət edir. NCIS onun işi üzrə istintaq davam etdiyi üçün əlavə məlumat verməkdən imtina edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   HDQ   Dənizçi  


Bizi "telegram"da izləyin