Çexiya Konstitusiya Məhkəməsi prezidentin NATO sammitində iştirakını təmin etməyi hökumətə tapşırıb

2026/06/1782321436.jpg
Oxunub: 203     21:11     24 İyun 2026    
Çexiya Konstitusiya Məhkəməsi hökuməti ölkə prezidenti Petr Pavelin Ankarada keçiriləcək NATO sammitində iştirakını təmin etməyə məcbur edib.

Ordu.az xəbər verir ki, bu barədə “Aktuálně.cz” nəşri məlumat yayıb.

Məhkəmə prezidentin səlahiyyətlərlə bağlı hökumətlə mübahisəsi çərçivəsində təqdim etdiyi vəsatəti təmin edərək aralıq qərar qəbul edib.

Qərara əsasən, hökumət Petr Paveli Çexiya nümayəndə heyətinin tərkibinə daxil etməli, həmçinin onun akkreditasiyası və səfərin hazırlanması da daxil olmaqla bütün təşkilati və inzibati dəstəyi təmin etməlidir.

Bununla yanaşı, prezident və hökumət arasında səlahiyyət bölgüsü ilə bağlı əsas konstitusion mübahisə üzrə yekun qərarın daha sonra veriləcəyi bildirilib.

Mübahisəyə səbəb hökumətin Petr Paveli NATO-nun Ankarada keçiriləcək sammiti üçün rəsmi nümayəndə heyətinin tərkibinə daxil etməməsi olub. Nümayəndə heyətinə rəhbərlik baş nazirə və hökumət üzvlərinə həvalə edilmişdi.

Çexiya prezidenti bu qərardan şikayət edərək bildirib ki, beynəlxalq səviyyədə dövlətin təmsil olunması onun konstitusion funksiyalarından biridir və icra hakimiyyəti bu səlahiyyəti məhdudlaşdıra bilməz.

Məhkəmə qeyd edib ki, Çexiyanın NATO-ya üzv olduğu vaxtdan etibarən prezidentlərin alyansın sammitlərində iştirak etməsi formalaşmış təcrübədir və əksər hallarda dövlət başçısı bu tədbirlərdə şəxsən iştirak edib.

Hakimlər həmçinin vurğulayıblar ki, sammitə hazırlıq üçün qısa vaxtın qalması və akkreditasiya prosedurlarının vaxtında tamamlanmasının vacibliyi səbəbindən təcili qərarın qəbul olunmasına ehtiyac yaranıb.

Məhkəmə əlavə edib ki, bu qərar xarici siyasət səlahiyyətlərinin dövlət institutları arasında bölüşdürülməsi ilə bağlı əsas mübahisənin həlli anlamına gəlmir və həmin məsələ ayrıca məhkəmə araşdırması çərçivəsində nəzərdən keçiriləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çexiya   NATO  


Bizi "telegram"da izləyin