Ordu.az xəbər verir ki, bu nəticə 31 ölkədə 150-dən çox siyasi analitikin iştirakı ilə aparılmış araşdırmada ortaya çıxıb.
“The Guardian” nəşrinin məlumatına görə, ifrat sağçı partiyaların dəstəyi 1990-cı illərin ortalarından etibarən təxminən beş dəfə artıb və xüsusilə son üç ildə daha sürətli yüksəliş göstərib.
Təhlilə əsasən, son ümummilli seçkilərdə ifrat sağçı partiyalara səs verənlərin payı 23 faizdən çox olub. Müqayisə üçün qeyd edilir ki, bu göstərici on il əvvəl təxminən 10 faiz, 1995-ci ildə isə 5 faiz səviyyəsində idi.
Araşdırmada həmçinin bildirilib ki, avropalıların təxminən 30 faizi siyasi sistemə qarşı çıxan partiyaları dəstəkləyir ki, bu da rekord göstərici hesab olunur.
Amsterdam Universitetinin siyasi analitiki Mateys Rudoynun rəhbərlik etdiyi PopuList layihəsi çərçivəsində aparılmış araşdırma göstərib ki, ifrat sağçı qüvvələrin yüksəlişi xüsusilə 2023-2025-ci illərdə sürətlənib.
Bu dövrdə Avropanın bir sıra böyük ölkələrində həmin partiyalar mühüm seçki uğurları əldə ediblər.
Fransada “Milli Birlik” partiyası 2024-cü il seçkilərindən sonra parlamentdə ən böyük siyasi qüvvəyə çevrilib. Avstriyada Azadlıq Partiyasının dəstəyi 16 faizdən 29 faizə yüksəlib. Portuqaliyada isə “Chega” partiyasının nəticəsi 7 faizdən 18 faizə çatıb.
Böyük Britaniyada “Reform UK” partiyasının səs payı 2 faizdən 14 faizə yüksəlib. Almaniyada isə “Almaniya üçün Alternativ” (AfD) partiyası nəticəsini iki dəfə artıraraq 10 faizdən 21 faizə çatdırıb və seçkilərdə ikinci yeri tutub.
Araşdırmaya görə, ifrat sağçı partiyalar hazırda Xorvatiya, Çexiya, İtaliya və Finlandiya da daxil olmaqla bir sıra Avropa ölkələrinin hakim koalisiyalarında təmsil olunur.
Analitiklər qeyd edirlər ki, bu yüksəliş qəfil proses deyil və onilliklərdir davam edir. Son illərdə isə siyasi gündəmin dəyişməsi, ictimai narahatlıqların artması və effektiv siyasi kommunikasiya bu tendensiyanı sürətləndirib.
Mütəxəssislərin fikrincə, həmin partiyalar miqrasiya, təhlükəsizlik və siyasi elitaya inamsızlıq mövzularını ön plana çıxararaq seçicilərin müəyyən hissəsi üçün cəlbedici alternativə çevrilirlər.
Sevinc Əliyeva
Ordu.az