“Reuters”: ABŞ-İran razılaşmasının əsas siyasi zərbəsi Netanyahuya dəyib

2026/05/1778436238.jpg
Oxunub: 213     21:13     24 İyun 2026    
Analitiklər və keçmiş ABŞ rəsmilərinin fikrincə, ABŞ ilə İran arasında əldə olunmuş razılaşmanın əsas siyasi nəticələrindən biri İsrailin Baş naziri Benyamin Netanyahunun nüfuzuna təsir göstərməsi ola bilər.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, Netanyahu uzun illər ərzində Vaşinqtonun İran siyasətinə təsir göstərə bilən lider imici formalaşdırmışdı və siyasi fəaliyyətini ABŞ ilə İsrail arasında Tehran məsələsində vahid strateji xəttin qorunması üzərində qurmuşdu.

Ekspertlərin qiymətləndirməsinə görə, o, xüsusilə Respublikaçılar Partiyasının dəstəyinə arxalanaraq özünü ABŞ prezidentlərinə təsir göstərə bilən və İrana qarşı sərt siyasətin davam etdirilməsinə nail olan yeganə İsrail lideri kimi təqdim edirdi.

Siyasi nüfuzunun ən yüksək dövründə Netanyahu hətta “Amerika ilə pıçıltı ilə danışan adam” kimi xarakterizə olunurdu. Lakin ekspertlər hesab edirlər ki, ABŞ və İran arasında əldə olunan son razılaşmalar bunun əksini göstərir. Hazırda İsrail Vaşinqtonun siyasətinə uyğunlaşmağa məcbur qalır.

ABŞ-nin keçmiş rəsmisi Dennis Ross bildirib ki, Netanyahu ABŞ rəhbərliyinin gərginliyi azaltmaq istəyən siyasəti ilə İsrail daxilində güzəştlərə qarşı çıxan siyasi qüvvələrin təzyiqləri arasında çətin vəziyyətə düşüb.

Onun sözlərinə görə, həm gərginliyin artırılması, həm də geri çəkilmə İsrail baş naziri üçün ciddi siyasi risklər yaradır.

Netanyahunun keçmiş müşaviri Aviv Buşinski isə ABŞ-İran razılaşmasını İsrail baş naziri üçün “ciddi zərbə” adlandırıb. O bildirib ki, Netanyahu nə qarşıdurmada elan etdiyi məqsədlərə nail ola bilib, nə də Vaşinqtondakı əvvəlki siyasi dəstəyini tam şəkildə qoruyub saxlaya bilib.

Analitiklər qeyd edirlər ki, ABŞ və İsrailin yanaşmaları arasında fərq getdikcə artır. Vaşinqton qarşıdurmanın başa çatdırılmasına və regionun sabitləşdirilməsinə çalışdığı halda, İsrail İran və onun müttəfiqlərinə təzyiq siyasətinin davam etdirilməsini təhlükəsizliyinin əsas elementlərindən biri hesab edir.

Məlumatda bildirilir ki, ABŞ hazırda İranla birbaşa danışıqlar aparır və atəşkəs mexanizmlərinin formalaşdırılması üzərində işləyir. Diplomatik mənbələrin fikrincə, bu proses mühüm qərarların qəbulunda İsrailin rolunu tədricən azaldır.

Ekspertlər həmçinin vurğulayırlar ki, Netanyahu qarşıdurmanın əvvəlində qarşıya qoyduğu əsas məqsədlərə, yəni İran rəhbərliyinin zəiflədilməsi və “İbrahim razılaşmaları”nın genişləndirilməsi çərçivəsində Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşdırılmasına hələlik nail ola bilməyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran   Netanyahu  


Bizi "telegram"da izləyin