Almaniya və Fransa Avropa Şurasının rəhbərindən Moskva ilə qeyri-rəsmi əlaqələri dayandırmağı tələb edib

2026/06/1781875600.jpg
Oxunub: 210     17:23     19 İyun 2026    
Avropa Şurasının Prezidenti Antonio Koştanın Rusiya rəhbərliyi ilə qeyri-rəsmi əlaqələr qurmaq cəhdləri Almaniya və Fransa başda olmaqla bir sıra Avropa İttifaqı ölkələrinin sərt etirazı ilə qarşılanıb.

Ordu.az xəbər verir ki, bu barədə “Financial Times” və “Politico” nəşrləri məlumat yayıb.

Məlumata görə, Koştanın məqsədi Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı mümkün danışıqların perspektivlərini müzakirə etmək üçün Moskva ilə əlaqə yaratmaq olub.

Lakin Almaniya və Fransa hesab edir ki, hazırkı mərhələdə Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün münasib vaxt deyil.

Onların fikrincə, belə bir mərhələ yetişərsə, təşəbbüs Fransa, Almaniya və Böyük Britaniyadan ibarət “Avropa üçlüyü” tərəfindən həyata keçirilməlidir.

Məlumata görə, son həftələrdə Antonio Koştanın aparat rəhbəri Pedro Lurti ən azı iki dəfə yüksəkvəzifəli rusiyalı rəsmilərlə telefon danışığı aparıb.

Avropa İttifaqının nümayəndələrindən birinin sözlərinə görə, bu təmaslar əlaqə kanallarının yaradılması məqsədi daşıyan qısa söhbətlər olub.

Lakin Avropa İttifaqına üzv ölkələr bu danışıqlardan yalnız mediada yayımlanan məlumatlar vasitəsilə xəbər tutublar ki, bu da bir çox liderlərin narazılığına səbəb olub.

Məlumata görə, Brüsseldə keçirilən gərgin gecə görüşü zamanı Almaniya kansleri Fridrix Merts və Fransa Prezidenti Emmanuel Makron Koştanın Kreml ilə əlaqə yaratmaq cəhdlərini qəbuledilməz adlandırıblar.

Onların mövqeyini Danimarka, Niderland və Rusiyaya qarşı sərt mövqe tutan digər Avropa ölkələri də dəstəkləyib.

Tənqidçilər hesab edirlər ki, Moskva ilə bu cür təmaslara başlamazdan əvvəl bütün üzv dövlətlərlə məsləhətləşmələr aparılmalı idi.

“Politico”nun məlumatına görə, Fridrix Merts Antonio Koştanın vasitəçi rolunda çıxış etməməli olduğunu da açıq şəkildə çatdırıb.

Nəşrin həmsöhbətlərindən biri bildirib ki, Koşta Rusiya ilə təmaslarının real miqyasını gizlətməklə “son dərəcə qeyri-peşəkar davranış” nümayiş etdirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Fransa  


Bizi "telegram"da izləyin