Gürcüstan Ermənistan kənd təsərrüfatı məhsullarının Rusiya tranzitini təkzib edib

2026/06/1781875542.jpg
Oxunub: 218     17:20     19 İyun 2026    
Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi Ermənistan kənd təsərrüfatı məhsullarının, o cümlədən çiyələyin Gürcüstan ərazisi vasitəsilə Rusiyaya ixrac edilməsi barədə məlumatları təkzib edib.

Ordu.az xəbər verir ki, bu barədə Gürcüstanın müvafiq qurumu açıqlama yayıb.

Nazirlikdən bildirilib ki, səsləndirilən iddialar spekulyativ xarakter daşıyır, reallığı əks etdirmir və iki ölkə arasındakı iqtisadi münasibətlərə mənfi təsir göstərə bilər.

Gürcü tərəfi həmçinin qonşu ölkədəki daxili siyasi mübarizə çərçivəsində bu cür bəyanatların səsləndirilməsindən narahatlığını ifadə edib.

Açıqlamada vurğulanıb ki, Gürcüstanın onunla əlaqəsi olmayan siyasi proseslərə cəlb olunması yolverilməzdir.

Nazirlik iki ölkə arasında iqtisadi əməkdaşlığın qorunmasının vacibliyini qeyd edərək bu cür məlumatların yayılmasının məsuliyyətli yanaşma olmadığını bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin