Döyüş Meydanının Yeni Qoruyucusu: STM-nin TURUL PUA-sı Hansı Balansı Dəyişir?

2026/06/1781690101.jpg
Oxunub: 213     14:22     17 İyun 2026    
STM-nin şaquli enmə-qalxma qabiliyyətinə malik yeni nəsil VTOL Pilotsuz Uçuş Aparatı (PUA) TURUL sınaq uçuşlarını uğurla davam etdirir. Döyüş meydanından paylaşılan son görüntülərdə TURUL hərəkətli və sabit hədəflərin izlənməsi, gecə əməliyyatları qabiliyyəti və QR kod əsaslı dəqiq eniş imkanlarını uğurla nümayiş etdirib.

Türkiyənin aparıcı müdafiə və texnologiya şirkətlərindən biri olan “STM Savunma Teknolojileri Mühendislik ve Ticaret A.Ş.” milli imkanlarla hazırladığı PUA-ların sınaq fəaliyyətlərini davam etdirir.

STM-nin IDEF-2025 sərgisində ilk dəfə nümayiş etdirdiyi, şaquli enmə-qalxma qabiliyyətinə malik STM VTOL PUA TURUL sahə sınaqları mərhələsində mühüm mərhələləri geridə qoyub. Buludaltı əməliyyatlarda fərq yaradan və kəşfiyyat, müşahidə və nəzarət (ISR) tapşırıqları üçün optimallaşdırılan TURUL həyata keçirilən sınaq uçuşlarında avtonom imkanları ilə yüksək qiymət alıb. Döyüş meydanından paylaşılan son görüntülərdə TURUL avtonom qalxma və naviqasiyadan sonra sabit və hərəkətli hədəflərin izlənməsini tamamlayaraq uğurla eniş edir. Sertifikatlaşdırma sınaqları davam etdiyi halda STM daxilində seriyalı istehsala hazırlıq işləri də paralel şəkildə davam etdirilir.

Adını türk mifologiyasında gücü, aliliyi və səmadakı mütləq hakimiyyəti təmsil edən əfsanəvi yırtıcı quşdan götürən TURUL şaquli enmə-qalxma qabiliyyəti ilə əməliyyat sahəsinin yeni qoruyucusu olmağa hazırlaşır.

“Buludaltı Əməliyyat Qabiliyyəti ilə Fasiləsiz Müşahidə Təmin Edirik”

TURUL-un uğurla davam edən sınaq prosesləri ilə bağlı qiymətləndirmələr aparan STM-nin baş direktoru Özgür Güleryüz platformanın müasir döyüş doktrinasındakı yerinə diqqət çəkərək bunları bildirib:

“Müasir müdafiə ekosistemində platformaların sadəcə uçması deyil, döyüş meydanındakı məlumatları nə qədər sürətli və təhlükəsiz emal etməsi həlledici əhəmiyyət daşıyır. Sabit qanadlı PUA-larımızın əməliyyat mənzili üstünlüyünü şaquli enmə-qalxma çevikliyi ilə birləşdirərək uçuş-eniş zolağına ehtiyacı aradan qaldıran bir həll ortaya qoyduq. Dəniz platformalarından və ya istənilən quru nöqtəsindən qalxıb enə bilən TURUL xüsusilə buludaltı əməliyyat qabiliyyəti sayəsində çətin hava şəraitində və yüksək hündürlük tələb edən tapşırıqlarda belə görüntü əlaqəsini itirmədən fasiləsiz kəşfiyyat məlumatı təmin edir. Radioelektron mübarizəyə yüksək davamlılığa malik, milli proqram təminatı ilə təchiz edilmiş bu sistemimiz vasitəsilə sərhəd təhlükəsizliyindən strateji obyektlərin mühafizəsinə qədər hər sahədə tam müstəqillik baxışımıza daha bir töhfə veririk”.

QR Kod Vasitəsilə Millimetr Dəqiqliyində Eniş

Sınaq fəaliyyətləri zamanı uğurla tətbiq olunan QR kod nişanlayıcısı əsaslı eniş sistemi və “mmWave” radar dəstəyi sistemin avtonom şəkildə müəyyən edilmiş nöqtəyə millimetr dəqiqliyi ilə qayıtmasını təmin edir. 2 saatdan artıq havada qalma müddəti və 200 kilometrlik uçuş mənzili ilə TURUL taktiki kəşfiyyat, ərazi müşahidəsi və hədəf aşkarlanması tapşırıqlarında tam həll təqdim edir.

TURUL ilə Uzun Əməliyyat Müddəti


STM tərəfindən hazırlanmış Sabit Qanadlı VTOL PUA Sistemi TURUL uçuş-eniş zolağına ehtiyacı aradan qaldıran konstruksiyası və avtonom tapşırıq qabiliyyəti ilə həm hərbi, həm də mülki əməliyyatlarda çoxşaxəli imkanlar təqdim edir. Uzun havada qalma müddəti və yüksək faydalı yük daşıma qabiliyyəti ilə seçilən sistem kəşfiyyat, müşahidə (ISR), sursat buraxılması və suüstü mina axtarışı tapşırıqlarını avtonom şəkildə yerinə yetirə bilir. İnteqrasiya edilmiş EO/IR görüntüləmə sistemləri sayəsində gecə və gündüz fəaliyyət göstərə bilən TURUL bir nəfər tərəfindən qısa müddətdə istifadəyə hazır vəziyyətə gətirilə bilir.

Qabiliyyətlər

Kəşfiyyat, Müşahidə, Aşkarlama
Şaquli Qalxma-Eniş Qabiliyyəti
QR İşarələyici Əsaslı Dəqiq Eniş Qabiliyyəti
“mmWave” Radar Dəstəkli Dəqiq Avtonom Eniş Qabiliyyəti
EO/IR Görüntüləmə Sistemi ilə Real Vaxt Rejimində Görüntü Ötürülməsi
Uzun Havada Qalma Müddəti və Geniş Əməliyyat Radiusu
GNSS Qarışdırılmasına Davamlı Naviqasiya
Tapşırıq Planlaşdırılması və Avtonom Uçuş İmkanı
Gecə/Gündüz Əməliyyat Qabiliyyəti


Texniki Xüsusiyyətlər

Uçuş Mənzili: 200 km
Rabitə Mənzili: 60 km (LOS)
Əməliyyat Uçuş Hündürlüyü: 2000 m (MSL)
Uçuş Müddəti: 2 saat
Qalxma Çəkisi: 35 kq
Qanad Açılımı: 3,6 m
İşləmə Temperaturu: -20 / +50 °C


Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: STM   VTOL   PUA   TURUL  


Bizi "telegram"da izləyin