ABŞ-nin “Shield AI” şirkəti ilə Yunanıstanın “EFA Group” şirkəti süni zəka əsaslı insansız sistemlər üzrə əməkdaşlığa başlayıb

2026/06/1781691748.jpg
Oxunub: 205     14:18     17 İyun 2026    
ABŞ-nin “Shield AI” şirkəti ilə Yunanıstanın “EFA Group” şirkəti “Eurosatory 2026” sərgisi çərçivəsində müdafiə texnologiyaları sahəsində strateji əməkdaşlıq sazişi imzalayıb.

Ordu.az xəbər verir ki, tərəflər arasında imzalanan saziş Yunanıstanın müdafiə sənayesi infrastrukturunun gücləndirilməsini, texnologiya transferinin artırılmasını və süni zəka dəstəkli insansız sistemlərin hazırlanmasını nəzərdə tutur.

Saziş çərçivəsində “Shield AI” şirkətinin süni zəka əsaslı avtonom naviqasiya və qərarvermə proqram təminatı olan “Hivemind” sisteminin Yunanıstanın müdafiə sistemlərinə inteqrasiyası istiqamətində birgə fəaliyyət həyata keçiriləcək.

Şirkətlər “Hivemind” platformasından istifadə etməklə insansız sistemlər üçün idarəetmə alqoritmləri hazırlayacaq və bu imkanları müxtəlif platformalara inteqrasiya edəcəklər. “EFA Group” tərəfindən hazırlanacaq həllərin Yunanıstan Silahlı Qüvvələrinin əməliyyat tələblərinə uyğunlaşdırılması və sistem inteqrasiyasının həyata keçirilməsi planlaşdırılır.

“Shield AI” tərəfindən yaradılan “Hivemind” sistemi insansız platformalara operator tərəfindən müəyyən edilmiş tapşırıqlar və komanda-idarəetmə zənciri çərçivəsində ətraf mühiti analiz etmək, qərar vermək və hərəkət etmək imkanı yaradır.

Şirkətin məlumatına görə, sistem ənənəvi avtonom pilotlardan fərqli olaraq yalnız əvvəlcədən müəyyən edilmiş marşrutları izləməklə kifayətlənmir. “Hivemind” dəyişən tapşırıq şərtlərinə uyğunlaşa, real vaxt rejimində marşrut yeniləmələri həyata keçirə, maneələrdən yayınaraq mürəkkəb tapşırıqları yüksək dəqiqliklə yerinə yetirə bilir.

“Shield AI” şirkətinin Şərqi və Cənub-Şərqi Avropa üzrə regional direktoru Ceyms Litqou bildirib ki, Yunanıstan şirkət üçün sadəcə müştəri və ya müdafiə tərəfdaşı deyil.

“Yunanıstan insan resursları, sənaye infrastrukturu və əməliyyat mədəniyyəti baxımından Avropada avtonom sistemlərin gələcəyinin formalaşdırılmasına töhfə verə biləcək strateji əhəmiyyətli ölkədir. “EFA Group” ilə əməkdaşlığımız sayəsində Yunanıstanın texnoloji müstəqilliyini gücləndirməyi və ölkəni əməliyyat süni zəkası sahəsində mühüm mövqeyə çıxarmağı hədəfləyirik”, - deyə Litqou vurğulayıb.

“EFA Group”un baş icraçı direktoru Qriqoris Kutsogiannis isə bildirib ki, əməkdaşlıq Yunanıstanın qabaqcıl müdafiə texnologiyaları sahəsində imkanlarının genişlənməsinə töhfə verəcək.

Onun sözlərinə görə, “Shield AI” şirkətinin döyüş şəraitində özünü doğrultmuş avtonom arxitekturası ilə “EFA Group”un mühəndislik və texnologiya sahəsindəki təcrübəsinin birləşdirilməsi Yunanıstanda yeni nəsil müdafiə həllərinin hazırlanmasına şərait yaradacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Yunanıstan  


Bizi "telegram"da izləyin