Ordu.az xəbər verir ki, tədbir Prezident İlham Əliyevin Sərəncamı ilə təsis edilmiş 18 iyun - İnsan Hüquqları Gününə həsr olunmuş və İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) təşəbbüsü ilə ölkədə elan edilmiş 18 may - 18 iyun "İnsan Hüquqları Aylığı" çərçivəsində keçirilib.
Seminar zamanı dövlət xidmətlərinin əlçatanlığının insan hüquqlarının müdafiəsinə və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına müsbət təsiri, "ASAN Xidmət" modelinin qlobal səviyyədə təşviqi və tətbiqi, 2026-cı il 30 mart tarixində BMT-nin İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə artıq üçüncü dəfə qəbul edilən və vətəndaş məmnunluğunu ön plana çıxaran "Dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması vasitəsilə insan hüquqlarının və Dayanıqlı İnkişaf Məqsədlərinin təşviq edilməsi" adlı qətnamənin əhəmiyyəti, dövlət xidmətlərində innovasiyaların və yeni texnologiyaların tətbiqi kimi mövzular ətrafında təqdimatlar edilib və müzakirə aparılıb.
Seminarda Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, Milli Məclisin üzvü Kamal Cəfərov və Məhkəmə-Hüquq Şurasının Aparat rəhbərinin müavini Nurlan Həmidli ölkədə dövlət xidmətlərinin səmərəli təşkili, o cümlədən "ASAN xidmət" modelinin milli və beynəlxalq səviyyədə tətbiqi, eləcə də rəqəmsal innovasiyaların və yeni texnologiyaların vətəndaş yönümlü xidmətlərə uğurlu inteqrasiyası, müvafiq qanunvericilik və məhkəmə təcrübəsi barədə danışıblar.
Pakistan, Türkiyə, Özbəkistan və Kolumbiyanın Azərbaycandakı səfirləri səmərəli dövlət xidmətlərinin təşkili üzrə milli təcrübələrini bölüşüb, "ASAN xidmət" modelinin tətbiqi üzrə əməkdaşlıq barədə məlumat veriblər. Tədbir çərçivəsində həmçinin BMT-nin ölkədəki müvəqqəti rezident əlaqələndiricisi Nasar Hayat şəffaf və səmərəli dövlət xidmətlərinin Dayanaqlı İnkişaf Məqsədlərinə verdiyi mühüm töhfələrdən bəhs edib.
"İnsan Hüquqları Aylığı"nın təşəbbüskarı olan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatının Aparat rəhbəri Aydın Səfixanlı seminarda yekun nitq ilə çıxış edib.
Ordu.az