PUA-lar enerjisini yerli həllərdən alacaq

2026/06/1781693591.jpg
Oxunub: 244     14:42     17 İyun 2026    
“ASPİLSAN Enerji”nin baş direktoru Ahmet Turan Özdemir bildirib ki, şirkət Türkiyədə fəaliyyət göstərən bütün Pilotsuz Uçuş Aparatı (PUA) istehsalçılarının ehtiyaclarını qarşılayacaq məhsul portfeli formalaşdırmağı hədəfləyir.

Ordu.az xəbər verir ki, Özdemir bu barədə “Anadolu” Agentliyinə açıqlamasında danışıb.

O qeyd edib ki, son illərdə müxtəlif bölgələrdə baş verən münaqişələr və müharibələr PUA-ların döyüş meydanında qaydaları dəyişdirən təsirini açıq şəkildə nümayiş etdirib. Bunun nəticəsində yüksək sayda PUA tələbatı yaranıb və istehsal göstəriciləri sürətlə artıb.

Özdemirin sözlərinə görə, hər bir platformanın etibarlı enerji mənbəyinə ehtiyacı var. Müxtəlif tipli PUA-ların fərqli enerji tələbləri mövcuddur. O bildirib ki, FPV və “gəzən sursat” tipli platformaların yüksək manevr qabiliyyəti birbaşa enerji mənbəyinin imkanlarından asılıdır.

Baş direktor vurğulayıb ki, yüksək sürətlə mürəkkəb manevrlər həyata keçirən PUA-lar böyük enerji sərf edir və bu enerjini təmin edən elementlər, eləcə də batareya paketləri “ASPİLSAN Enerji” tərəfindən istehsal olunur.

Sabit qanadlı platformalarda isə əsas amilin uçuş məsafəsi olduğunu deyən Özdemir bu səbəbdən enerji tutumunun xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Onun sözlərinə görə, şirkət platformaların ehtiyaclarına uyğun olaraq fərdiləşdirilmiş enerji həlləri təqdim edir.

Özdemir əlavə edib ki, yüksək enerji sərfiyyatı nəticəsində yaranan istiliyin batareyalarda səbəb ola biləcəyi yanğın və partlayış risklərinə qarşı həm element, həm də paket səviyyəsində yeni texnoloji həllər hazırlanır.

O, birdəfəlik istifadə üçün nəzərdə tutulan “gəzən sursat” platformaları üçün yeni batareya modellərinin də yaxın vaxtlarda təqdim ediləcəyini bildirib.

Baş direktor qeyd edib ki, şirkət son iki ildə PUA istehsalçıları ilə sıx əməkdaşlıq edir, son bir ildə isə bir çox layihələrin layihələndirmə mərhələsində də iştirak etməyə başlayıb.

Özdemirin sözlərinə görə, istehsalçıların əsas tələbləri daha yüksək enerji və güc göstəriciləri ilə bağlıdır. Bu ehtiyacları qarşılamaq üçün yeni texnoloji formulalar hazırlanır və əlavə investisiyalar həyata keçirilir.

“Türkiyədəki bütün PUA istehsalçılarının ehtiyaclarına cavab verə biləcək məhsul portfeli yaratmağı hədəfləyirik. 2026-cı ildən etibarən məhsullarımızın bütün yerli PUA istehsalçıları tərəfindən istifadə olunmasını planlaşdırırıq”, - deyə Özdemir bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: PUA   ASPİLSAN   Türkiyə  


Bizi "telegram"da izləyin