Qrossi: “AEBA ABŞ və İran arasında nüvə sazişinin verifikasiyasında iştirak etməyə hazırdır”

2026/02/1771441215.jpg
Oxunub: 187     12:41     14 İyun 2026    
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi bəyan edib ki, ABŞ ilə İran arasında mümkün nüvə sazişi əldə olunacağı təqdirdə qurum onun icrasının yoxlanılması və nəzarəti prosesində iştirak etməyə hazırdır.

Ordu.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Qrossinin sözlərinə görə, gələcəkdə əldə edilə biləcək istənilən razılaşmanın əsas elementlərindən biri onun şərtlərinin yerinə yetirilməsinə nəzarət və verifikasiya mexanizmi olacaq.

“Agentliyin fəaliyyətinin ən mühüm hissəsi verifikasiyadır. Razılaşmanın icrası prosesinin bir hissəsi olmağımız çox vacib prosedurdur və bu, sənəddə nəzərdə tutulmalıdır”, - deyə o bildirib.

Qrossi qeyd edib ki, razılaşma əldə olunarsa, AEBA-nin monitorinq prosesində iştirak etməsi üçün təşkilatın rəhbər orqanlarının rəsmi icazəsi tələb olunacaq.

O həmçinin vurğulayıb ki, mümkün saziş böyük ehtimalla kompleks xarakter daşıyacaq və genişmiqyaslı müşahidə mexanizmlərinin tətbiqini tələb edəcək.

“Əgər razılaşma əldə olunarsa, o, hərtərəfli xarakter daşıyacaq və biz onun bütün komponentlərini müşahidə etməli olacağıq”, - deyə AEBA rəhbəri bildirib.

Qrossi beynəlxalq institutların qlobal qeyri-sabitlik şəraitindəki rolu ilə bağlı sualları cavablandırarkən qeyd edib ki, Ukrayna və Yaxın Şərqdəki vəziyyət fonunda, eləcə də geosiyasi gərginliyin artması səbəbindən agentliyin vəzifələri daha da genişlənir.

O, Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin (NPT) əhəmiyyətini də vurğulayaraq bildirib ki, onun dəyəri hər zaman yekdil yekun sənədlərin qəbul olunması ilə ölçülmür.

“NPT ideal sənəd olmaqdan uzaqdır, lakin o, nisbətən uğurlu müqavilədir. Böyük qeyri-müəyyənlik dövrlərində bu, qorunmalı olan beynəlxalq hüququn möhkəm sütunlarından biridir”, - deyə Qrossi qeyd edib.

AEBA rəhbəri əlavə edib ki, getdikcə daha çox ölkə nüvə energetikasını dayanıqlı və aşağı karbon emissiyalı enerji mənbəyi kimi qiymətləndirir. Bu isə təşkilatın texniki və nəzarətçi qurum kimi rolunu daha da artırır.

BMT-nin baş katibi vəzifəsinə mümkün namizədliyi ilə bağlı suala cavab verməkdən imtina edən Qrossi yalnız çoxtərəfli əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

“Bizim çoxtərəfliliyə əvvəlkindən daha çox ehtiyacımız var. Fərq ondadır ki, bu gün həqiqətən effektiv işləyən çoxtərəfli mexanizmlərə nadir hallarda rast gəlinir”, - deyə o bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qrossi   AEBA   ABŞ   İran  


Bizi "telegram"da izləyin