Haitidə Müdafiə Nazirliyinin yüksək vəzifəli rəsmisi oğurlanıb

2026/06/1781414388.jpg
Oxunub: 232     09:18     14 İyun 2026    
Haitidə silahlı şəxslər Müdafiə Nazirliyinin aparat rəhbəri və ölkənin təhlükəsizlik sahəsində əsas fiqurlarından biri olan Ceyms Boyarı oğurlayıblar.

Ordu.az xəbər verir ki, bu barədə “Associated Press” məlumatlı mənbəyə istinadən xəbər yayıb.

Boyar eyni zamanda milli polisin baş müfəttişinin vəzifələrini icra edir və son illərdə ölkədə oğurlanan ən yüksək vəzifəli dövlət rəsmisi hesab olunur.

Yerli KİV-lərin məlumatına görə, oğurluq hadisəsi cümə axşamı paytaxt Port-o-Prensin Burdon rayonunda baş verib. Həmin ərazi şəhərin nisbətən təhlükəsiz sayılan azsaylı məhəllələrindən biridir.

Qiymətləndirmələrə görə, paytaxtın təxminən 70 faizi ABŞ-nin daha əvvəl xarici terror təşkilatı kimi tanıdığı Viv Ansanm silahlı qruplaşmalar koalisiyasının nəzarəti altındadır.

Haiti polisinin islahatı və silahlı qüvvələrin bərpası ilə məşğul olan Boyar ölkənin hüquq-mühafizə sisteminin qiymətləndirilməsi və müasirləşdirilməsi prosesində mühüm rol oynayıb.

Oğurlayan şəxslərin kimliyi və mümkün fidyə tələbləri hələlik təsdiqlənməyib. Ekspertlər əməliyyatın əvvəlcədən diqqətlə planlaşdırıldığını və rəsmisinin hərəkət marşrutları ilə mühafizəsi barədə məlumat əldə edilməsini tələb etdiyini bildiriblər.

Analitiklər qeyd edirlər ki, Haitidə oğurluq halları əvvəllər təhlükəsiz hesab olunan ərazilərdə belə artmaqdadır. Onların sözlərinə görə, silahlı dəstələr bəzən saxta əməliyyatlar və nəzarət-buraxılış məntəqələri yaratmaq üçün polis formalarından istifadə edirlər.

BMT-nin qiymətləndirmələrinə əsasən, ölkədə oğurluq hadisələri yüksək səviyyədə qalır. Təkcə son aylarda yüzlərlə belə hadisə qeydə alınıb, ötən il isə onların sayı min nəfəri keçib. Ümumi sayda müəyyən azalma müşahidə olunsa da, yüksək vəzifəli şəxslərin və əcnəbilərin oğurlanması silahlı qrupların əsas təzyiq alətlərindən biri olaraq qalır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Haiti   MN  


Bizi "telegram"da izləyin