İranın Ali Rəhbəri ölüm cəzasına məhkum olunmuş 139 nəfərə əfv verib və cəzalarını yüngülləşdirib

2026/05/1779169809.jpg
Oxunub: 212     22:11     13 İyun 2026    
İranın Ali Rəhbəri Müctəba Xameneyi ölkənin müxtəlif məhkəmələri tərəfindən əvvəllər ölüm cəzasına məhkum edilmiş 139 məhbusun əfv olunması və cəzalarının yüngülləşdirilməsi barədə qərarı təsdiqləyib.

Ordu.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

İran Məhkəmə Hakimiyyətinin rəsmi nümayəndəsi Əsgər Cahangirin sözlərinə görə, bu, əfvin birbaşa olaraq ən ağır cəzaya məhkum edilmiş bu qədər çox şəxsə tətbiq olunduğu ilk haldır.

Onun sözlərinə görə, əfv olunan şəxslərin heç biri üzrə xüsusi iddiaçı olmayıb, onlar dövlət təhlükəsizliyinə qarşı cinayətlərə görə məhkum edilməyiblər və yaxşı davranış nümayiş etdirmələri, törətdikləri əməldən peşman olmaları, həmçinin islah proqramlarında iştirak etmələri səbəbindən əfv şərtlərinə uyğun gəliblər.

Qeyd olunub ki, İran Konstitusiyasının 110-cu maddəsinə əsasən, ölkənin Ali Rəhbəri məhkəmə hakimiyyətinin rəhbərinin təqdimatı əsasında məhkumları əfv etmək və ya onların cəzasını yüngülləşdirmək səlahiyyətinə malikdir.

Bununla yanaşı, əfv dövlətə qarşı silahlı mübarizədə iştirak, narkotik vasitələrin mütəşəkkil dövriyyəsi, silahlı quldurluq, silah qaçaqmalçılığı, adam oğurluğu, korrupsiya və dövlət vəsaitlərinin mənimsənilməsi kimi cinayətlərə görə məhkum olunan şəxslərə şamil edilmir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Xameneyi  


Bizi "telegram"da izləyin