Pentaqon hər bölməni PUA ilə təchiz etmək məqsədilə 20 min FPV tipli PUA təhvil alıb

2026/06/1780933175.jpg
Oxunub: 299     19:43     08 İyun 2026    
ABŞ Müharibə Nazirliyi “Drone Dominance” təşəbbüsü çərçivəsində sifariş etdiyi 20 min ədəd FPV tipli kamikadze Pilotsuz Uçuş Aparatının (PUA) təhvil prosesinə başlayıb.

Ordu.az xəbər verir ki, proqramın məqsədi 2026-cı maliyyə ilinin sonunadək ABŞ-nin bütün hərbi bölmələrini bu tip sistemlərlə təchiz etməkdir.

Proqramın məlumatlarına əsasən, Pentaqon ilk “Gauntlet 1” müsabiqəsində fərqlənən 11 təchizatçıdan 10-u ilə müqavilə imzalayıb. Üçüncü yeri tutan “Napatree” şirkətinə isə hələ sifariş verilməyib.

Əvvəllər 30 min ədəd kimi qiymətləndirilən sifariş sayının yekunda 20 min olması diqqət çəkib.

Təhvil cədvəlinə əsasən, lider mövqedə olan “Neros” şirkəti “Archer” adlı kiçik kvadrokopter platformasından sifariş edilən 2400 PUA-nın hamısını orduya çatdırıb. Onlardan 1040-ı qəbul prosedurunu tamamlayıb.

Digər şirkətlər isə ümumilikdə 560 PUA təhvil veriblər. Qalan sistemlər müxtəlif istehsal mərhələlərindədir. Məlumata görə, ABŞ müharibə naziri Pit Heqset ötən yay yayımladığı “ABŞ hərbi PUA üstünlüyünün sərbəstləşdirilməsi” adlı direktivdə mövcud vəziyyəti sərt tənqid edib.

“Son üç ildə qlobal hərbi PUA istehsalı sürətlə artdığı halda, əvvəlki administrasiya bürokratik maneələr yaradıb. ABŞ hərbi bölmələri müasir döyüş meydanının tələb etdiyi ölümcül kiçik PUA-larla təchiz edilməyib”, - deyə Heqset bildirib.

Pentaqonun iki il ərzində təxminən 1 milyard dollar dəyərində PUA alınmasını nəzərdə tutan planı çərçivəsində keçirilən “Gauntlet 1” müsabiqəsində 25 şirkət iştirak edib və ən yaxşı 11 təchizatçı seçilib.

Nazirlik həmçinin “ölümcüllük” müsabiqəsinin qalibləri olan “Bravo Ordnance”, “Kela Defense”, “Kraken Kinetics”, “Mountain Horse” və “Northrop Grumman” şirkətlərini də seçib. Bu şirkətlərin çəkisi 9 kiloqrama qədər olan 1-ci Qrup PUA-lar üçün faydalı yük sistemləri təqdim etməsi gözlənilir.

Bildirilib ki, Nazirlik uzaqmənzilli zərbə və yaxın məsafəli taktiki əməliyyat platformalarını qiymətləndirmək məqsədilə ikinci “Gauntlet” tədbirini də planlaşdırır. Bu çərçivədə ABŞ ordusu İran istiqamətində əməliyyatlara dəstək məqsədilə “Griffon Aerospace” şirkəti ilə 68 milyon dollarlıq müqavilə bağlayıb.

2027-ci ilin mart ayının sonunadək təhvil verilməsi planlaşdırılan “Outlaw Gen 3” sisteminin əvvəlki versiyası olan “Gen G2E” uzunluğu 2,65 metr, qanad açılımı 4,88 metr olan və 9-18 kiloqram faydalı yük daşıya bilən sabitqanadlı platforma kimi xarakterizə edilir.

Sistemin kəşfiyyat, müşahidə və məlumat toplama tapşırıqları üçün uyğun olduğu qeyd olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   ABŞ   PUA  


Bizi "telegram"da izləyin