Qazaxıstan rəsmisi: "Ölkəmiz COP29-a böyük ümidlər bəsləyir"

2024/06/5b0c7-1719065741.jpg
Oxunub: 207     16:11     22 İyun 2024    
Qazaxıstan bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) böyük ümidlər bəsləyir.

Ordu.az xəbər verir ki, bunu Qazaxıstanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iqlim siyasəti departamentinin direktoru Saule Sabiyeva deyib.

O bildirib ki, ölkəsi iqlim maliyyəsinin əsas aspektləri, tərəflərin iqlim həllinə necə nail olmaq niyyətində olduqları və ümumilikdə karbon neytrallığı üzrə öhdəliklərin yerinə yetirilməsi üzrə konsensus əldə etməyi gözləyir:

“Bakıda keçiriləcək COP29 Qazaxıstan üçün vacibdir. Müvafiq olaraq, biz COP29-dan, su hövzələri, ehtiyatları və Xəzər dənizində çirklənmənin monitorinqi üzrə xüsusi regional əməkdaşlıqdan mühüm nailiyyətlər gözləyirik".

İqlim problemlərinin həlli yollarından danışan S.Sabiyeva bildirib ki, Qazaxıstan “yaşıl iqtisadiyyat”a nail olmaq baxımından “yaşıl maliyyə” bazarının və “yaşıl taksonomiya”nın inkişafı kimi birgə regional həll yollarına ümid edir:

"Bu, regiona ekoloji cəhətdən təmiz məhsul istehsalına yönəlmiş investorların diqqətini cəlb etməyə imkan verəcək".

Tarixən Mərkəzi Asiya dünyanın iqlim dəyişikliyinə qarşı ən həssas regionlarından biri olub. Dünya Bankının məlumatına görə, 2050-ci ilə qədər regionda temperatur 4-5 dərəcə yüksələ bilər ki, bu da buzlaqların əriməsinə, su qıtlığına və torpaqların deqradasiyasına səbəb ola bilər. Buna görə də region ölkələrinin iqlim dəyişikliyi ilə mübarizə və “yaşıl iqtisadiyyat”a keçid üçün birgə səyləri davamlı inkişaf üçün çox vacibdir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qazaxıstan   COP29  


Bizi "telegram"da izləyin