İki məzarlı şəhid – Bakıda naməlum əsgər, Bərdədə Ziyadxan Aslanov... (FOTOLAR)

2024/06/44-1719479443.jpg
Oxunub: 1383     12:59     27 İyun 2024    
“Heç kim unudulmur, heç nə yaddan çıxmır”. Bir vaxtlar yeniyetmə və gənclərin yüksək vətənpərvərlik ruhunda tərbiyə olunması üçün deyilən bu sözlərlə böyümüşdü o da. Məktəbdə müəllimlərindən, evdə isə valideynlərdən eşitdikləri vətən sevgisi təbliğatı onun sözün əsl mənasında bir igid kimi böyüməsində böyük rol oynamışdı.

Ordu.az saytının bu sayında özü boyda vətən, vətən boyda ürəyi olan, iki məzarlı şəhid, Ziyadxan Aslanovun xidməti yolu barədə hazırlanan yazını Sizə təqdim edirik.

Bir çox vətənpərvər gənclərimiz kimi, oda vətən eşqilə alışıb yanan biriydi. Olduqca sakit görünməsinə baxmayaraq əslində heç bir zaman əsl xarakterini büruzə verməzdi. Bəli, bir vaxtlar ona sakitliyini dostcasına irad bildirənlərə “sakit axan su daha təhlükəli olar” deyərək, yarı zarafat, yarı ciddi cavab verərdi.


Kimdir Ziyadxan Aslanov ?

Əslən Ağdərə rayonu Orta Güney kəndindən olan Ziyadxan Aslanov dövrünün yaş həddi döyüşlərin aktiv vaxtına düşən minlərlə gənclərimizdən biridir. Onun da uşaqlıqdan hansısa planları varıydı. Oxumaq, iş sahibi olmaq, ata-anasına, cəmiyyətə, ən əsası doğulub boya-başa çatdığı kəndinə yararlı bir əmək fəaliyyəti nəticəsində uğurlar qazanan biri olmaq niyyəti varıydı. Bir çox gənclərimiz kimi müharibə Ziyadxanın da gələcək arzularının üstündən xətt çəkdi.


Z.Aslanov öz kəndlərində hər zaman sakit təbiətli və təəssübkeş biri kimi tanınırdı. Təbiətcə sakit və az danışan biriydi Ziyadxan. Qarabağda baş qaldıran hadisələrdən sonra o sakit və az danışan Ziyadxan tamamilə dəyişərək daha çılığın və sərt xakarkeri ilə seçilməyə başladı. 1992-ci ildə kəndlərinin işğalı zamanı yaxınlarını itirən Z.Aslanov indi daha çılğın, daha aqrerssiv və ermənilərin hər həmləsində ön sıralarda olan biri kimi adı daim ilk adı çəkilənlər sırasındaydı. Kəndlərinin işağlından həlim xasiyyətinə son qoyan Ziyadxanın ürəyində artıq bir intiqam hissi baş qaldırmışdı. Orta Güney kəndinin işğalından sonra o da başqa yol seçə bilərdi. Lakin Ziyadxan tam fərqli bir qərar qəbul edir. O kənddən çıxan günün səhəri Tərtər rayonu Seydimli kəndinə yaradılan özünümüdafiə dəstələrinə qoşulur. Ağdərərnin Şıxarx, Çaylı, Marağa, Həsənqaya, Qırmızıkənd kəndlərinin azad olunmasında fəal iştirak edir. 3 iyul 1992-ci il, Ağdərə istiqamətində davam edən əks hücum əməliyyatları Ziyadxanın xüsusi şücayət göstərdiyi son döyüşü olur. Döyüş yoldaşlarının dediyinə görə, bir neçə istiqamətdə ermənilərin geri çəkilməsinə nail olan döyüşən əsgərlərimiz Ağdərə istiqamətində hərəkət edir. Ağdərə-Tərtər yolunun üstündə Çardaqlı kəndinə gedən yolu keçdikdən sonra ermənilərin pusqusuna düşürlər. Heç bir maneəyə rast gəmədən 7 maşından ibarət karvan üzü Ağdərə istiqamətinə hərəkət edir. Qələbə əzmilə irəliləyən əsgərlərimiz düşmənin məkrli niyyətindən tam xəbərsiz bir halda irəliləyirlər. Artıq Ağdərə şəhərinə az qalıb. Yolun sağ və sol cinahlarında qalın şam ağacları var. Əsgərlərimizi aparan maşın karvanı bu ərazidən keçir. Şam ağaclarından azacıq uzaqlaşdıqdan sonra ağacların arasından güclü mühərrik səsi eşidilir. Kimsə nə baş verdiyini anlamadan ağacların arasından sürətlə yola çıxan erməni tankı ilk atışını karvanda gedən benzin maşınına açır. Partlayış dalğası irəlidə gedən digər avtomobillərə də təsir edir. Mərminin təsirindən partlayan benzin maşını tamamilə məhv olur, digər maşınlarda gedən əsgərlərin çoxu şəhid olur. Sağ qalanlar isə qəfil həmlədən və itirdikləri döyüş yoldaşlarının şokundaydılar.


Döyüş yoldaşlarının dediyinə görə, yaralı olan Ziyadxan döyüşə hazır vəziyyətə gətirdiyi tank əleyhinə qumbara ilə özünü irəliləyən tankın altına atır. Sıradan çıxan tankın tırtılları altında qalan Ziyadxan da şəhadətə qovuşur. Həmin döyüşdən sonra, morqa gətirilən qalıqlar içərisində Z. Aslanovun bir qolu və ayağının birini tapmaq mümkün olur. Baxış zamanı tanınan əzaların Ziyadxana məxsus olması isə qolunda 3+4=7 yazısından müəyyən edilir. Yaxınlarına verilən məlumata görə, onun seplərin altından çıxarılan qalıqları Bakı şəhər şəhidlər xiyabanında naməlum əsgər kimi, qismən sağ qalan qolunun və ayağının biri isə Bərdə şəhər şəhidlər xiyabanında dəfn edilib.


O vaxtkı hərbi hissə komandanlığı Ziyadxanın şücayətinə biganə qalmır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ən yüksək fəxri ad verilməsi üçün təqdimat verilir. Təqdimatın verilməsinə baxmayaraq, fəxri ad almasa da, onun şücayətilə dillərdə gəzən qəhrəmanlığı heç kimin yadından çıxmayacaq.

Daşqın Güneyli
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Ziyadxan-Aslanov   Şəhid  


Bizi "telegram"da izləyin