Ermənistan COP29-dan öncə, yoxsa sonra müharibə planlaşdırır?

2024/06/1719050741.jpg
Oxunub: 966     19:40     22 İyun 2024    
İyulun ortalarında NATO sammitinin keçirilməsi planlaşdırılır. ABŞ dövlət katibi Entoni Blinken alyansın 20-dən çox üzv dövlətinin Ukrayna ilə ikitərəfli təhlükəsizlik sazişi imzalayacağını açıqlayıb.

Vaşinqton və Kiyev artıq belə bir sənəd imzalayıb. Təbii olaraq ABŞ dövlət katibinin proqnozunun tam reallaşacağına heç bir təminat yoxdur, lakin görünən odur ki, Ukrayna müharibəsinin Rusiya ilə NATO arasında birbaşa qarşıdurmaya çevrilməsi reallıqdır.

“Əgər Vladimir Putin Ukraynanı, NATO-nu və ya alyansın üzvü olan hər hansı ölkəni basdıracağını düşünürsə, yanılır”, - deyə ABŞ dövlət katibi Rusiya prezidentinin Pxenyanda Şimali Koreya lideri ilə “Hərtərəfli Strateji Tərəfdaşlıq” sazişini imzalaması ilə eyni vaxtda bildirib. “RİA Novosti”nin şərhçisi bunun “qarşılıqlı hərbi yardım haqqında saziş” olduğunu gizlətmir.

Qərb analitikləri hesab edirlər ki, Putin Asiya-Sakit okean regionunda ABŞ-Yaponiya-Koreya alyansına əks çəki kimi Asiya “üçlük birliyi” yaradır”. Rusiyalı siyasi şərhçi yazır ki, ABŞ-nin diktə edən-dominant olduğu NATO-dan fərqli olaraq, Avrasiya təhlükəsizlik sistemi “hər kəsin qabiliyyətinə, hər kəsin ehtiyacına görə qurulacaq”. Rusiya mətbuatının yazdığına görə, “konseptual olaraq” bu ideya və ya bəlkə də artıq hazırlanmış sənəd oktyabrda Kazanda planlaşdırılan BRICS sammitində təqdim olunacaq. Bundan əvvəl, mənbələrin məlumatına görə, iyulun 4-də Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çağırılacaq.

BRICS-in Kazan sammitindən sonra COP29 baş tutacaq. Qərb və Rusiya arasında sərt qarşıdurma məntiqi ilə mühakimə etsək, COP29-da Vladimir Putinin iştirakı istisna olunur, ABŞ-ni isə keçmiş dövlət katibi Kerri təmsil edəcək. Həmin konfransda Fransa prezidentinin iştirakı demək olar istisna olunur.

Türkiyə BRICS sammitində iştirak etmək istəyir, lakin belə görünür ki, xarici işlər naziri Hakan Fidanın Moskva “turu” qismən uğurlu alınıb. Habelə Türkiyənin Qərbdən ciddi iqtisadi gözləntiləri var və Rusiya prezidenti bu halda Türkiyə iqtisadiyyatının “qazanacağından çox itirəcəyi” ilə hədələyib. Qarışıq bir hal alınır. “Avrasiya Təhlükəsizlik Xartiyası”nın layihəsinə görə, Qafqazın problemi Cənubi Qafqazda Fransa plasdarmının maneəçiliyidir.

Ermənistanın Avroatlantik inteqrasiya imkanı regional böhran yarada bilər. Ermənistan hərbi-siyasi dairələrindən edilən açıqlamalar COP29-dan öncə və sonra yeni eskalasiyanın baş verə biləcəyinə işarə edir. BRICS-in Kazan sammiti Ermənistanı cilovlayacaqmı? Ermənistanın COP29-un uğurlu olmaması üçün edəcəyi təxribatlara necə cavab veriləcək?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: COP29   Ermənistan   Müharibə  


Bizi "telegram"da izləyin