Moskvada planlaşdırılan terror aktları Ankara vasitəsilə zərərsizləşdirilir – Fidanın səfərinin görünməyən tərəfləri

2024/06/1719046309.jpg
Oxunub: 355     13:28     22 İyun 2024    
Türkiyənin “Hürriyet” qəzeti bildirir ki, Türkiyə kəşfiyyatı Rusiyaya “Krokus” terrorundan sonra Moskvada planlaşdırılan ikinci böyük terror aktının qarşısını almağa kömək edib.

Qəzetin yazdığına görə, Türkiyə İŞİD terror təşkilatının tərkibində olan “Vilayət Xorasan” qruplaşmasının Moskvanın iri ticarət mərkəzlərindən birində böyük terror aktı planlaşdırdığını bildirərək, əlində olan məlumatları Moskvaya ötürüb. Türkiyə qəzeti qeyd edir ki, bu məlumat sayəsində terrorun qarşısını almaq mümkün olub.

Söhbətin hansı dövrdən getdiyi barədə müddətlər qeyd edilmir, lakin diqqətəlayiqdir ki, məlumat Türkiyənin xarici işlər naziri Hakan Fidanın Rusiya səfərindən və orada BRICS ölkələrinin xarici işlər nazirlərinin toplantısında iştirakından, habelə Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru, Təhlükəsizlik Şurasının katibi və hətta Rusiya prezidenti Vladimir Putin görüşündən sonra üzə çıxır.

Daha öncə qiymətləndirdiyimiz kimi, Fidanın bu görüşləri sübut edir ki, ötən ilin yayından başlayaraq, iki ölkə arasında münasibətlərdə müşahidə olunan nəzərəçarpacaq soyuqluq fonunda tərəflər arasında yaxınlaşma başlayır. Yeri gəlmişkən, Türkiyənin xarici işlər naziri təyin olunana qədər Türkiyə kəşfiyyatının rəhbəri olmuş Fidanın görüşlərindən sonra bu ölkənin mətbuatı Ankaranın əlində olan məlumatları ötürməklə, Moskvaya böyük bir terror aktının qarşısını almağa kömək etdiyi barədə məlumatlar dərc edir.

Onu da qeyd edək ki, mart ayında “Krokus” konsert zalında törədilən terror aktı zamanı da Türkiyə Moskvaya əhəmiyyətli kəşfiyyat məlumatları ötürüb, terrorçuların ölkə ərazisindəki dayaqları zərərsizləşdirilib.Son yardım, xüsusilə kəşfiyyat məlumatlarının ötürülməsi müqabilində münasibətlərin daha da sıxlaşacağı şübhəsizdir. Növbəti mərhələdə, Moskvanın qiymətləndirməsi bir çox məsələlərə aydınlıq gətirəcək.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin