FCAS böhranından sonra İspaniyanın diqqəti KAAN-a yönəlib

2026/06/1781895162.jpg
Oxunub: 284     22:49     19 İyun 2026    
Avropanın ən iddialı müdafiə layihələrindən biri hesab olunan FCAS 6-cı nəsil döyüş təyyarəsi proqramının çıxılmaz vəziyyətə düşməsindən sonra İspaniya Hərbi Hava Qüvvələrinin modernləşdirilməsi üçün alternativ variantları nəzərdən keçirməyə başlayıb.

Ordu.az xəbər verir ki, Madridin əsas maraq göstərdiyi platformalardan biri isə Türkiyənin Milli Döyüş Təyyarəsi KAAN-dır.

İspaniya artıq KAAN layihəsi ilə bağlı Türkiyə ilə ilkin təmaslar qurub.

İspaniya müdafiə sənayesi nümayəndələri bildiriblər ki, ölkə FCAS proqramına yüz milyonlarla avro sərmayə yatırıb və bu layihə çərçivəsində əldə edilən texnoloji təcrübənin yeni proqramlarda istifadə olunmasını istəyir. Bu səbəbdən mümkün KAAN əməkdaşlığı çərçivəsində İspaniyanın aparıcı müdafiə şirkətlərinin ortaq istehsala cəlb edilməsi nəzərdə tutulur.

Xatırladaq ki, İspaniya daha əvvəl təlim təyyarəsi ehtiyacının qarşılanması üçün Türkiyəni seçərək 30 ədəd HÜRJET tədarükü ilə bağlı razılıq əldə etmişdi. Dəyəri 2,6 milyard avro olan müqavilə Madrid şəhərində yerləşən “Airbus” müəssisələrində ortaq istehsalı da əhatə edir. Təyyarələrin istehsalına 2028-ci ildən başlanması planlaşdırılır.

İspaniya Müdafiə Nazirliyinin dövlət katibi Mariya Amparo Valkarse Qarsiya həmin müqaviləni şərh edərkən Türkiyəni etibarlı tərəfdaş adlandırmış və bunun gələcək nəsil məhsulların birgə hazırlanması baxımından mühüm əhəmiyyət daşıdığını bildirmişdi.

Son məlumatlara görə, İspaniya-Türkiyə müdafiə əməkdaşlığını daha da genişləndirmək niyyətindədir. TUSAŞ-ın baş direktoru Mehmet Dəmiroğlu da daha əvvəl İspaniyaya KAAN satışına dair hökumətlərarası ilkin danışıqların davam etdiyini açıqlamışdı.

FCAS layihəsinin dayandırılmasından sonra Madrid bu danışıqları növbəti mərhələyə keçirmək qərarına gəlib. İspaniya həm KAAN-ı öz Hərbi Hava Qüvvələrinin arsenalına daxil etməyi, həm də istehsal prosesində iştirak etməyi nəzərdən keçirir.

Bununla yanaşı, İspaniya üçün alternativ variantlardan biri Almaniya ilə birlikdə yeni döyüş təyyarəsi proqramının hazırlanmasıdır. Lakin ispan və alman mənbələri son illərdə Türkiyə ilə müdafiə sənayesi sahəsində əməkdaşlığın sürətlə inkişaf etməsinin Ankara üçün mühüm üstünlük yaratdığını qeyd edirlər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: FCAS   KAAN   Avropa  


Bizi "telegram"da izləyin