“İncirlik”də F-4E 2020 ilə təcili dayandırma sistemi sınaqdan keçirilib

2026/06/1781894392.jpg
Oxunub: 254     22:39     19 İyun 2026    
Türkiyə Hərbi Hava Qüvvələrinin tabeliyində fəaliyyət göstərən “İncirlik” 10-cu Əsas Reaktiv Aviasiya Baza Komandanlığında F-4E 2020 təyyarəsi ilə təcili dayandırma sistemi üzrə sınaq həyata keçirilib.

Ordu.az xəbər verir ki, sınaq zamanı fövqəladə hallarda istifadə olunan xüsusi tutucu sistemin fəaliyyəti yoxlanılıb.

Məlumata görə, sistem təyyarədə yerləşən qarmağın xüsusi baryerə ilişməsi nəticəsində qısa məsafədə təhlükəsiz dayanmanı təmin edir.

Sınağa aid görüntülər “İncirlik” bazasında yerləşən ABŞ qüvvələri tərəfindən paylaşılıb. Bildirilir ki, sistemin vəziyyətinin yoxlanılması və sertifikatlaşdırılması məqsədilə bu cür testlər mütəmadi olaraq həyata keçirilir.

Paylaşımda qeyd olunub ki, Türkiyəyə məxsus F-4 “Phantom” təyyarəsi “İncirlik” Hava Bazasının təyyarə tutma sisteminin ikiillik sertifikatlaşdırma prosesində iştirak edib.

Açıqlamada vurğulanıb ki, sınaq baryerin fövqəladə vəziyyətlərdə təyyarələri təhlükəsiz şəkildə dayandırmaq imkanını təsdiqləyib.

Məlumata görə, bu testlər sistemin etibarlı vəziyyətdə saxlanılması və uçuş əməliyyatlarını dəstəkləməyə hər zaman hazır olmasının təmin edilməsi məqsədi daşıyır.

Təyyarə tutma sistemləri uçuş-enmə zolağının sonunda təcili eniş etməli olan və ya əyləc sistemində nasazlıq yaranan təyyarələrin təhlükəsiz dayanmasına imkan verən mühüm təhlükəsizlik infrastrukturu hesab olunur. Xüsusilə yüksək sürətlə hərəkət edən döyüş təyyarələri üçün bu sistemlər həyati əhəmiyyət daşıyır.

NATO-nun cənub cinahında strateji mövqeyə malik olan “İncirlik” Hava Bazası uzun illər KC-135R yanacaq dolduran təyyarələrə ev sahibliyi edib. 152-ci eskadrilyanın bazaya köçürülməsindən sonra isə 2024-cü ildə baza əsas reaktiv aviasiya bazası statusu əldə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İncirlik   F-4E   Türkiyə  


Bizi "telegram"da izləyin