Ermənistanın sabiq XİN rəhbərinin partiyası: “Bütün narahat siyasi qüvvələr vahid müxalifət cəbhəsi formalaşdırmalıdır”

2026/06/1781685788.jpg
Oxunub: 242     12:42     17 İyun 2026    
Ermənistanın sabiq xarici işlər naziri Raffi Hovhannisyanın rəhbərlik etdiyi “İrs” partiyası Ermənistanın gələcəyi ilə bağlı narahat olan bütün siyasi qüvvələri vahid müxalifət cəbhəsi yaratmağa çağırıb.

Ordu.az xəbər verir ki, partiya bununla bağlı bəyanat yayıb.

Bəyanatda qeyd olunur ki, 2026-cı il iyunun 7-də keçirilən növbəti parlament seçkiləri ölkədə mövcud ictimai və siyasi böhranı aradan qaldırmayıb, əksinə daha da dərinləşdirib. Sənəddə bunun əsas səbəbi kimi hakim “Vətəndaş Müqaviləsi” partiyasının son illərdə həyata keçirdiyi siyasət göstərilib.

Partiya hesab edir ki, seçkilər bərabər olmayan rəqabət şəraitində, dövlət resurslarından açıq şəkildə istifadə olunmaqla və hüquq-mühafizə orqanlarının qərəzli münasibəti fonunda keçirilib. Bəyanatda vurğulanır ki, bu amillər vətəndaşların sərbəst iradə ifadəsinə ciddi təsir göstərib.

“İrs” partiyası Mərkəzi Seçki Komissiyasının açıqladığı yekun nəticələrin də mübahisəli olduğunu bildirib.

“Açıqlanan rəqəmlər və faiz göstəriciləri Ermənistan vətəndaşlarının iradəsini tam əks etdirmir və hüquqi mübahisələndirmə üçün əsaslar mövcuddur. Hakim siyasi qüvvə artıq legitim ictimai dəstəyə malik deyil. Partiyanın fikrincə, hətta rəsmi nəticələr belə Ermənistan vətəndaşlarının yarıdan çoxunun hakimiyyətin siyasi proqramını və gündəliyini dəstəkləmədiyini göstərir”, - deyə bəyanatda qeyd edilib.

“İrs” partiyası müxalifət düşərgəsini də tənqid edərək bildirib ki, seçki prosesində iştirak edən bütün müxalif liderlər və komandalar dövlətçilik düşüncəsi nümayiş etdirə bilməyiblər və cəmiyyətin bütün təbəqələrini əhatə edən alternativ siyasi platforma formalaşdıra bilməyiblər.

Bəyanatın sonunda Ermənistanın gələcəyindən narahat olan bütün qüvvələrə, konstitusion mübarizə tərəfdarlarına və müxalif siyasi liderlərə ümumi gündəlik ətrafında birləşərək vahid müxalifət cəbhəsi yaratmaq çağırışı edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hovhannisyan   İrs  


Bizi "telegram"da izləyin