Kanadanın Baş naziri: “Kiçik və orta dövlətlər ABŞ-nin rəğbəti uğrunda mübarizə aparmamalıdır”

2025/03/1742274586.jpg
Oxunub: 197     22:21     13 İyun 2026    
Kanadanın Baş naziri Mark Karni bəyan edib ki, böyük dövlətlər arasında qlobal rəqabətin gücləndiyi şəraitdə kiçik və orta dövlətlər ABŞ-nin rəğbətini qazanmağa çalışmaq əvəzinə, müttəfiqlərlə birləşərək öz təsir imkanlarını artıra bilərlər.

Ordu.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Karni İrlandiyanın Baş naziri Mixel Martinlə görüşdən sonra Dublindəki Triniti Kollecində çıxışı zamanı bildirib ki, orta gücə malik dövlətlər ortaq dəyərləri bölüşən tərəfdaşlarla fəaliyyətlərini əlaqələndirməklə “öz güclərini dəfələrlə artıra” bilərlər.

O qeyd edib ki, Kanada ilə Avropa İttifaqının əhali sayı, iqtisadi potensial və müdafiə xərcləri baxımından ümumi imkanları dünyanın ən böyük güc mərkəzləri ilə müqayisə oluna bilər. Bu da onların müstəqil təsir bloku kimi çıxış etməsinə şərait yaradır.

Fransada keçiriləcək G7 sammiti öncəsi Avropa turnesi çərçivəsində Karni Fransa Prezidenti Emmanuel Makronla da danışıqlar aparıb.

Kanadanın Baş naziri bildirib ki, “yeni dünya nizamı Avropadan başlayaraq formalaşacaq” və Ottavanın Avropa İttifaqı ilə əməkdaşlığının daha da dərinləşdirildiyini vurğulayıb.

Onun sözlərinə görə, bu əməkdaşlıq Kanadanın Avropa müdafiə təşəbbüslərində iştirakını və iqtisadi əlaqələrin genişləndirilməsini də əhatə edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kanada   Karni  


Bizi "telegram"da izləyin