ABŞ HHQ-nin keçmiş kursantı qanunsuz silahların 3D çapı işi üzrə təqsirli bilinib

2026/06/1781368907.jpg
Oxunub: 224     20:40     13 İyun 2026    
Ukrayna əsilli ABŞ vətəndaşı, ABŞ Hərbi Hava Qüvvələrinin keçmiş kursantı Yaroslav Vişnevski qanunsuz silah istehsalı və saxlanılması ilə bağlı federal ittihamlar üzrə təqsirli bilinib.

Ordu.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Məlumata görə, hüquq-mühafizə orqanları onun yaşadığı ünvanda 3D çap texnologiyası ilə hazırlanan “kabus silahlar”ın istehsal edildiyi qanunsuz emalatxana aşkar ediblər.

İstintaq 2024-cü ilin aprelində ABŞ gömrük xidmətinin Çindən göndərilmiş və içərisində iki ehtimal olunan səsboğucu olan bağlamanı müsadirə etməsindən sonra başlanıb. Bağlama İllinoys ştatında yaşayan Vişnevskiyə ünvanlanmışdı.

Nəzarət altında həyata keçirilən çatdırılmadan və evdə aparılan axtarışdan sonra hüquq-mühafizə orqanları bir neçə 3D printer, silah hissələrinin hazırlanması üçün avadanlıq və çoxlu sayda qeydiyyatsız silah aşkarlayıblar.

Prokurorluğun məlumatına əsasən, müsadirə edilən əşyalar arasında qeydiyyat nömrəsi olmayan tapança və ov tüfəngləri, 3D çap üsulu ilə hazırlanmış səsboğucular, silahların yığılması üçün hissələr və digər qanunsuz avadanlıqlar olub.

Federal məhkəmə Vişnevskini qeydiyyata alınmamış silah və səsboğucuların saxlanılması, eləcə də ABŞ qanunvericiliyinə zidd olaraq silah istehsalı maddələri üzrə təqsirli bilib.

Məlumata görə, Ukraynada anadan olmuş və uşaq yaşlarında ABŞ-yə köçmüş Vişnevski daha əvvəl ABŞ Hərbi Hava Qüvvələrinin zabit hazırlığı proqramında iştirak edib, həmçinin hərbi həkimlərin hazırlanması proqramı çərçivəsində tibb məktəbində təhsil alıb. İş üzrə hökm daha sonra açıqlanacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   HHQ   Kursant  


Bizi "telegram"da izləyin