Almaniya-Fransa müdafiə əməkdaşlığında yeni çat: MGCS təhlükə altındadır

2026/06/1781361645.jpg
Oxunub: 302     18:40     13 İyun 2026    
Almaniya və Fransanın birgə hazırladığı Yeni Nəsil Əsas Döyüş Tankı (MGCS) proqramının gələcəyi ilə bağlı yeni suallar yaranıb.

Ordu.az xəbər verir ki, Almaniyanın “Rheinmetall” şirkətinin baş icraçı direktoru Armin Papperger Fransanın layihədən çıxmaq ehtimalının istisna edilmədiyini bildirib.

“Welt am Sonntag” qəzetinə danışan Papperger proqramın gələcəyi ilə bağlı qeyri-müəyyənliyin davam etdiyini vurğulayıb.

“Risk hər zaman var, lakin hələlik heç nə qəti qərara alınmayıb”, - deyə o bildirib.

“Rheinmetall” Fransa-Almaniya müdafiə şirkəti KNDS və Fransanın müdafiə nəhəngi “Thales” ilə birlikdə MGCS proqramının əsas tərəfdaşları sırasındadır.

Fransa büdcə ixtisarlarını nəzərdən keçirir

Papperger qeyd edib ki, Fransa layihə büdcəsində ciddi ixtisarlar etməyi müzakirə edir.

Onun sözlərinə görə, aparılan danışıqlarda MGCS üçün nəzərdə tutulan xərclərin əvvəl planlaşdırılan səviyyənin yarısından da aşağı salınması variantı gündəmdədir.

Layihənin maliyyələşdirilməsinə toxunan Papperger bildirib ki, proqramın başlanmasından indiyədək tərəfdaş şirkətlərə cəmi 25 milyon avro vəsait ayrılıb.

“Leopard 2” və “Leclerc” tanklarını əvəz edəcək

MGCS proqramı 2017-ci ildə Almaniyanın “Leopard 2” və Fransanın “Leclerc” əsas döyüş tanklarını əvəz edəcək yeni nəsil quru döyüş sistemi hazırlamaq məqsədilə başladılıb.

Avropanın ən iri ortaq müdafiə layihələrindən biri hesab edilən proqram iş bölgüsü, sənaye iştirakçılığı və idarəetmə modeli ilə bağlı fikir ayrılıqları səbəbindən illərdir gecikmələrlə üzləşir.

Son günlər Almaniya və Fransanın birgə həyata keçirdiyi FCAS 6-cı nəsil döyüş təyyarəsi proqramının da faktiki olaraq dayanması fonunda MGCS ətrafındakı mübahisələr Avropa müdafiə sənayesində yeni böhranın yaranması ehtimalını artırır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Fransa   MGCS  


Bizi "telegram"da izləyin