Ordu.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Pezeşkian Müdafiə Nazirliyi ilə Energetika Nazirliyi arasında əməkdaşlıq məsələlərinə həsr olunmuş müşavirədə çıxışı zamanı bildirib ki, iqtisadi təzyiqin müasir formaları birbaşa hərbi qarşıdurmadan daha mürəkkəb xarakter daşıyır.
Onun sözlərinə görə, xarici qüvvələr əhalinin su, elektrik enerjisi, qaz və digər həyati əhəmiyyət daşıyan resurslarla sabit təminatını pozmağa çalışırlar.
İran Prezidenti qeyd edib ki, bu cür addımların məqsədi sosial narazılıq yaratmaq və dövlət idarəçiliyinə olan etimadı sarsıtmaqdır.
Pezeşkian vurğulayıb ki, istehlakın düzgün idarə olunması və səmərəliliyin artırılması iqtisadi təhlükəsizliyin və dövlət sabitliyinin əsas elementlərindən birinə çevrilir.
O, həmçinin İranın böyük resurs potensialına və əlverişli geosiyasi mövqeyə malik olduğunu bildirib.
“İran müstəsna imkanlara və unikal strateji mövqeyə sahibdir”, - deyə Pezeşkian qeyd edib.
Prezidentin sözlərinə görə, ölkə özü daxildə buna şərait yaratmadığı müddətdə heç bir xarici qüvvə İranın real imkanlarını məhdudlaşdıra bilməz.
Pezeşkian əlavə edib ki, mövcud məhdudiyyətlərin aradan qaldırılması üçün yanaşmanın dəyişdirilməsi, daxili imkanlara inamın gücləndirilməsi və bütün milli resursların səfərbər olunması vacibdir.
Sevinc Əliyeva
Ordu.az