Venesuela hakimiyyəti ABŞ ilə birgə əməliyyat zamanı “Tren de Aragua” kartelinin rəhbərinin öldürüldüyünü təsdiqləyib

2026/06/1781361213.jpg
Oxunub: 262     18:37     13 İyun 2026    
Venesuela hakimiyyəti ölkənin cənub-şərqində yerləşən Bolivar ştatında keçirilən əməliyyat zamanı Ektor Rustenford Gerrero Floresin, daha çox “Ninyo Gerrero” ləqəbi ilə tanınan şəxsin öldürüldüyünü təsdiqləyib.

Ordu.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Bildirilib ki, o, “Tren de Aragua” cinayətkar qruplaşmasının rəhbəri hesab olunurdu.

Venesuela tərəfinin məlumatına görə, Gerrero Flores bölgədə fəaliyyət göstərən silahlı qruplaşma üzvləri ilə toqquşmalar və xüsusi əməliyyat nəticəsində öldürülüb.

Bundan əvvəl ABŞ Prezidenti Donald Trump bəyan etmişdi ki, ABŞ tərəfindən həyata keçirilən “ildırımsürətli və ölümcül” hərbi əməliyyat nəticəsində “Tren de Aragua”nın “məşhur lideri” məhv edilib.

Onun sözlərinə görə, zərbə Venesuelada yerləşən qruplaşma bazalarından birinə endirilib.

ABŞ-nin müharibə naziri Pit Heqset isə “X” sosial şəbəkəsində bildirib ki, qruplaşmanın obyektinə zərbə həftənin əvvəlində endirilib.

O qeyd edib ki, bu əməliyyat regionda narkokartellərə və cinayətkar şəbəkələrə qarşı aparılan birgə mübarizənin göstəricisidir.

“Tren de Aragua” daha əvvəl ABŞ-də terror təşkilatı kimi tanınıb.

Gerrero Floresin adı Nyu-York federal məhkəməsində araşdırılan işlərdən birində də keçir.

O, reketçilik, hədə-qorxu ilə pul tələb etmə və terror fəaliyyətinə dəstək daxil olmaqla bir sıra ağır cinayətlərdə ittiham olunurdu.

ABŞ Dövlət Departamenti onun tutulmasına kömək edəcək məlumat üçün 5 milyon dollara qədər mükafat təyin etmişdi.

Amerika rəsmilərinin açıqlamalarında vurğulanır ki, qruplaşma Qərb yarımkürəsinin müxtəlif ölkələrində zorakılıq, hədə-qorxu, şantaj və narkotik dövriyyəsi ilə məşğul olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Venesuela   ABŞ  


Bizi "telegram"da izləyin