Təltif edilmiş bütün Ukrayna prezidentləri Polşanın “Ağ Qartal” ordenindən imtina ediblər

2026/06/1782023324.jpg
Oxunub: 350     10:27     21 İyun 2026    
Polşanın “Ağ Qartal” ordeni ilə təltif edilmiş bütün Ukrayna prezidentləri bu mükafatdan imtina etdiklərini açıqlayıblar.

Ordu.az xəbər verir ki, bu barədə “Yevropeyskaya Pravda” məlumat yayıb.

Məlumata görə, Ukraynanın beşinci prezidenti Petro Poroşenko şənbə günü axşam Polşa Prezidenti Karol Navrotskinin Volodimir Zelenskini həmin ordenlə təltif olunanlar siyahısından çıxarması qərarına etiraz olaraq mükafatdan imtina edib.

Bundan əvvəl Ukraynanın üçüncü prezidenti Viktor Yuşşenko da ordeni qəbul etməkdən imtina etdiyini bəyan edib.

Ukraynanın ikinci prezidenti Leonid Kuçma isə 1997-ci ildə aldığı “Ağ Qartal” ordenindən imtina edən ilk sabiq dövlət başçısı olub.

Xatırladaq ki, Polşa Prezidenti Karol Navrotski daha əvvəl Volodimir Zelenskinin “Ağ Qartal” ordenindən məhrum edildiyini açıqlamışdı.

Bu qərara səbəb Kiyevin hərbi hissələrdən birinə Ukrayna Üsyançı Ordusunun fəxri adını verməsi olub. Həmin təşkilatın fəaliyyəti iki ölkə arasında ən ciddi tarixi mübahisə mövzularından biri olaraq qalır.

“Ağ Qartal” ordeni Volodimir Zelenskiyə 2023-cü ildə Polşanın o zamankı prezidenti Anjey Duda tərəfindən Varşava ilə Kiyev arasında xüsusi münasibətlərin rəmzi kimi təqdim edilmişdi.

Polşa ilə Ukrayna arasındakı əsas fikir ayrılığı 1943-1945-ci illərdə baş vermiş Volın qırğınları ilə bağlıdır. Həmin dövrdə Ukrayna Üsyançı Ordusunun bölmələri Volın və Şərqi Qalisiyada polyak mülki əhalisinə qarşı kütləvi qətllər törədiblər.

Nəticədə on minlərlə dinc sakin, o cümlədən qadınlar, uşaqlar və yaşlılar həlak olub.

Polşa bu hadisələri polyak xalqına qarşı soyqırımı kimi qiymətləndirir. 2016-cı ildə Polşa parlamenti Volın qırğınlarını rəsmi olaraq soyqırımı kimi tanıyıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   Ukrayna  


Bizi "telegram"da izləyin