ABŞ-nin “futbol paytaxtı”nda atışma: Bir nəfər ölüb, beş nəfər yaralanıb

2026/06/1782023041.jpg
Oxunub: 207     10:13     21 İyun 2026    
ABŞ-nin Kanzas-Siti şəhərində baş verən silahlı insident nəticəsində bir nəfər ölüb, daha beş nəfər yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.

Polisin məlumatına görə, hadisə cümə günü axşam saatlarında şəhərin Şərqi 19-cu küçə ərazisində baş verib. Təxminən saat 22:30-da atəş səslərini eşidən polis əməkdaşları hadisə yerinə gəldikdə güllə yarası almış iki qadın və həyat əlaməti olmayan bir kişi aşkar ediblər.

Həlak olan şəxsin 29 yaşlı Devid E. Bek III olduğu müəyyən edilib. Tibb işçiləri onun hadisə yerində öldüyünü təsdiqləyiblər. Yaralı qadınlar xəstəxanaya çatdırılıblar.

Daha sonra daha üç yaralı şəxs öz imkanları ilə xəstəxanaya müraciət edib. Onlardan bir kişi və bir qadının vəziyyətinin sabit olduğu, digər kişinin isə ağır vəziyyətdə olduğu bildirilib.

İlkin araşdırmaya əsasən, bir qrup insan 19-cu küçədə toplaşdığı zaman bir neçə nəfər eyni vaxtda atəş açıb. Polis bütün zərərçəkənlərin hadisə zamanı bir-birinə yaxın məsafədə olduqlarını ehtimal edir.

Hazırda müstəntiqlər sübutların toplanması və şahidlərin dindirilməsi işlərini davam etdirirlər. Şübhəli şəxslər hələ saxlanılmayıb.

Hadisənin bu yay futbol üzrə dünya çempionatının oyunlarının keçirildiyi və turnir zamanı “Kansas City Stadium” adı ilə istifadə olunan Arrowhead Stadionundan təxminən 11 kilometr məsafədə baş verdiyi qeyd olunub. Stadionda yaxın günlərdə Ekvador və Kurasao milli komandaları arasında oyun keçirilməlidir.

Turnirlə əlaqədar şəhərdə görünməmiş təhlükəsizlik tədbirləri tətbiq olunur. Polis kapitanı Ceyk Bekkinanın sözlərinə görə, asayişin təmin olunması üçün ABŞ-nin Orta Qərb bölgəsinin müxtəlif yerlərindən hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Polis hadisə ilə bağlı məlumatı olan şəxslərə müraciət edərək istintaqa kömək göstərməyə çağırıb. Cinayətkarların müəyyən edilərək saxlanılmasına kömək edəcək məlumat üçün 25 min dollara qədər mükafat vəd olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Atışma  


Bizi "telegram"da izləyin