İsrail ordusu Livanda döyüşlərin dayandırılması barədə göstəriş aldığını açıqlayıb

2026/05/1779768538.jpg
Oxunub: 282     11:51     21 İyun 2026    
İsrail ordusu ölkənin siyasi rəhbərliyindən Livanın cənubunda hərbi əməliyyatların dayandırılması ilə bağlı göstəriş aldığını bəyan edib.

Ordu.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

İsrail Ordusunun (SAXAL) rəsmi nümayəndəsi bildirib ki, hərbi qüvvələr siyasi rəhbərlikdən atəşkəslə bağlı yenilənmiş təlimatlar alıblar.

Açıqlamada qeyd olunub ki, İsrail Ordusu artıq qabaqlayıcı zərbələr endirmir və yalnız Cənubi Livandakı təhlükəsizlik zonasının sərhədləri daxilində müdafiə xarakterli fəaliyyət göstərir.

Bildirilib ki, əgər “Hizbullah” atəşkəs rejiminə əməl etməsə və İsrail hərbçilərinə və ya mülki şəxslərə hücumları davam etdirsə, İsrail tərəfi cavab vermək hüququnu özündə saxlayır.

Rəsmi şəxs ordunun Tebnit bölgəsində fəaliyyət göstərdiyini və burada yerləşən “terror infrastrukturunun” hədəf alındığını vurğulayıb.

Onun sözlərinə görə, söhbət İsrail hərbçiləri və mülki əhali üçün birbaşa təhlükə yaradan geniş yeraltı infrastrukturdan gedir. Bildirilib ki, bu obyektlər “Hizbullah”ın əsas dayaq məntəqələrindən biri hesab olunur və xüsusilə təşkilatın “Bədr” bölməsi tərəfindən istifadə edilir.

Məlumata görə, yeraltı tunel və infrastruktur sistemi bir kilometrdən artıq dərinliyə malikdir və yüzlərlə kilometr əraziyə yayılıb.

Livan rəsmilərinin məlumatına əsasən, cümə və şənbə günləri İsrailin endirdiyi zərbələr nəticəsində ölkədə təxminən 100 nəfər həlak olub.

İsrail hərbçiləri isə “Hizbullah”ın gecə ərzində İsrail qüvvələrinin mövqelərinə 50-dən çox raket buraxdığını açıqlayıblar.

SAXAL həmçinin son 48 saat ərzində Cənubi Livanda gedən döyüşlər zamanı beş hərbçisini itirdiyini bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Livan  


Bizi "telegram"da izləyin