İran “Rusiya Helikopterləri”ndən 20 helikopter alacaq

2021/07/asas-1626940503.jpg
Oxunub: 205     20:54     17 İyun 2026    
İran Qırmızı Aypara Cəmiyyəti ilə “Rusiya Helikopterləri” şirkəti arasında İran İslam Respublikası üçün 20 helikopterin alınmasını nəzərdə tutan anlaşma memorandumu imzalanıb.

Ordu.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Sənədin imzalanma mərasimi çərşənbə günü Moskvada, Rusiyanın dövlət şirkətinin baş qərargahında keçirilib. Memorandumu İran Qırmızı Aypara Cəmiyyətinin rəhbəri Pir-Hüseyn Kulivənd və “Rusiya Helikopterləri” şirkətinin baş direktoru Nikolay Kolesov imzalayıblar.

Kulivənd sənədin imzalanmasından sonra bildirib ki, razılaşma ölkənin logistika və aviasiya-xilasetmə imkanlarının gücləndirilməsi məqsədilə Rusiyadan 20 helikopterin birbaşa alınmasını nəzərdə tutur.

Onun sözlərinə görə, ilk dörd helikopterin tədarükü ilə bağlı müqavilə artıq razılaşdırılıb və həmin maşınların 2027-ci ilin martında qeyd olunacaq Novruz bayramına qədər İrana çatdırılması gözlənilir.

İran Qırmızı Aypara Cəmiyyətinin rəhbəri bu sazişi təşkilatın tarixində mühüm mərhələ kimi qiymətləndirib. O, layihənin həyata keçirilməsinə göstərilən dəstəyə görə Rusiyadakı İran səfirliyinə və ölkə parlamentinə təşəkkür edib.

Kulivənd qeyd edib ki, yeni helikopterlər gecəgörmə avadanlıqları da daxil olmaqla müasir sistemlərlə təchiz olunacaq. Bu isə günün qaranlıq saatlarında uçuşların həyata keçirilməsinə imkan verəcək.

Məlumata görə, helikopterlər eyni zamanda yanğınsöndürmə, tibbi təxliyə və axtarış-xilasetmə əməliyyatları üçün uyğunlaşdırılıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Rusiya   Helikopter  


Bizi "telegram"da izləyin