Ordu.az xəbər verir ki, bu barədə “BBC News” məlumat yayıb.
Nayton bildirib ki, hökumətin müdafiə investisiyaları proqramı qısamüddətli perspektivdə ordunun gündəlik fəaliyyətinin saxlanılması üçün kifayət qədər vəsait nəzərdə tutmur.
Onun sözlərinə görə, söhbət operativ fəaliyyətin, təlimlərin və döyüş hazırlığının təmin olunmasına yönəlmiş maliyyədən gedir. Maliyyə proqramında dəyişiklik edilməyəcəyi təqdirdə bu sahələr ciddi təzyiq altında qalacaq.
Daha əvvəl Con Hili Böyük Britaniyanın müdafiə naziri vəzifəsindən istefa verərək bəyan etmişdi ki, təklif olunan maliyyələşdirmə səviyyəsi “silahlı qüvvələrin döyüş hazırlığını zəiflədəcək və əməliyyatlar zamanı hərbi qulluqçular üçün riskləri artıracaq”.
O, istefa bəyanatında qeyd etmişdi ki, bu addım “Britaniya silahlı qüvvələrinin və ölkənin beynəlxalq müttəfiqliklərinin gələcəyini təmin etmək üçün” zəruri olub.
Hili eyni zamanda Xəzinədarlığı tənqid edərək vurğulayıb ki, Böyük Britaniyanın potensial rəqibləri hökumətin büdcə qrafiklərinə uyğun hərəkət etmirlər.
Böyük Britaniya hökuməti daha əvvəl NATO qarşısında götürdüyü öhdəliklər çərçivəsində 2035-ci ilədək müdafiə xərclərini ÜDM-in 3,5 faizinə çatdırmaq planlarını açıqlamışdı.
Müdafiə investisiyaları proqramının dərc olunması Hilinin istefasından sonra təxirə salınıb. Yeni müdafiə naziri hazırda vəsaitlərin bölgüsünü yenidən nəzərdən keçirir, lakin əlavə maliyyələşdirmə ilə bağlı hələlik məlumat verilməyib.
Hili daha əvvəl bildirmişdi ki, mövcud proqram xərclərin həddindən artıq ləng artımını nəzərdə tutur və yaxın illərdə silahlı qüvvələrin döyüş qabiliyyətinin sürətli şəkildə artırılmasını təmin etmir.
Onun fikrincə, 2030-cu ilədək NATO üzvü olan bir çox ölkə müdafiəyə ÜDM-in 3 faizi və daha çoxunu ayıracaq və Böyük Britaniya bu prosesdən geri qalmamalıdır.
Hilinin istefasından sonra silahlı qüvvələr üzrə nazir Al Karns da vəzifəsindən ayrılıb. O bildirib ki, müdafiə proqramında nəzərdə tutulan investisiya səviyyəsi kifayət etmir və müasir müharibə üsullarının, o cümlədən PUA texnologiyalarının inkişafını nəzərə almır.
Böyük Britaniyanın Baş naziri Kir Starmer isə hökumətin müdafiə büdcəsini ÜDM-in 2,3 faizindən 2,6 faizinə qədər artırdığını və bunun üçün digər qurumlardan vəsaitlərin yenidən bölüşdürüldüyünü açıqlayıb.
O həmçinin bildirib ki, yeni müdafiə naziri artıq müdafiə proqramı çərçivəsində prioritetlərin və xərclərin strukturunun yenidən qiymətləndirilməsi prosesində iştirak edir.
Sevinc Əliyeva
Ordu.az