İsrail ilə “Hizbullah” arasındakı çəkindirmə tarazlığı necə dəyişib? (FOTOLAR)

2026/06/1781628614.jpg
Oxunub: 259     21:08     16 İyun 2026    
İsrail hava zərbələri, təxliyə xəbərdarlıqları və məhdud quru irəliləyişləri ilə sahədəki təzyiqini artırarkən, “Hizbullah” isə Pilotsuz Uçuş Aparatları (PUA) və Litani çayının şimalındakı ön xətt bölgələrində baş verən birbaşa toqquşmalarla cavab verir.

Lakin qarşılıqlı gərginliyin fonunda, 2006-cı il müharibəsindən sonra uzun illər sərhəd xəttində qüvvədə qalan çəkindirmə tarazlığının misli görünməmiş sınaqdan keçdiyi hesab olunur. Əməliyyatların miqyasının genişlənməsi və yaxın zamana qədər birbaşa təhdid zonasından kənarda hesab edilən ərazilərə çatması bu qiymətləndirməni gücləndirən amillər arasında göstərilir.

Livanlı hərbi dairələrin qiymətləndirmələrinə görə, artıq əz-Zəhrani bölgəsinə qədər uzanan hava zərbələri, Zəvtər əş-Şərqiyyə ətrafında davam edən toqquşmalar və İsrail qüvvələrinin Nəbatiyyə sərhədlərinə doğru mərhələli şəkildə irəliləməsi münaqişənin yeni mərhələyə keçdiyini göstərir. Bu qiymətləndirmələrdə PUA-ların təkbaşına çəkindirmə tarazlığını qorumaqda kifayət etmədiyinə diqqət çəkilir. Həmçinin qeyd olunur ki, İsrail mümkün siyasi razılaşma və ya danışıqlar prosesi öncəsində sahədəki tarazlığı öz xeyrinə dəyişdirməyə yönəlmiş mərhələli təzyiq strategiyası həyata keçirir.

PUA-lar çəkindirmə təmin etmir

Bu çərçivədə Yaxın Şərq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, ehtiyatda olan briqada generalı doktor Hişam Cabir bildirib ki, “Hizbullah”ın istifadə etdiyi PUA-lar İsrailin getdikcə genişlənən hava zərbələri və hərbi əməliyyatları qarşısında real mənada çəkindirmə yarada bilmir. Cabir “Şərqul-Əvsət”ə verdiyi açıqlamada deyib: “PUA-lar çəkindirmə amili yaratmır. Onlar İsrailə çətinlik yarada və itkilər verdirə bilər, lakin onun hərbi əməliyyatları davam etdirməsinə mane ola bilməz”.

İsrailin hava zərbələrini və quru əməliyyatlarını davam etdirməsinin mövcud çəkindirmə tarazlığı baxımından mühüm göstəricilər daşıdığını bildirən Cabir qeyd edib: “Əgər çəkindirmə həqiqətən mövcud olsaydı, İsrail əməliyyatlarını bu şəkildə davam etdirə bilməzdi. Bu gün gördüyümüz mənzərə İsrailin taktikasını dəyişərək, cənubda verdiyi itkilərə baxmayaraq irəliləyişini davam etdirdiyini göstərir”.


Cabir sahədəki mövcud vəziyyəti 2006-cı il müharibəsindən sonra formalaşan çəkindirmə tarazlığının zəifləməsi ilə də əlaqələndirib. O, 2006-cı ildən 2023-cü ilə qədər qüvvədə olan çəkindirmə mexanizminin faktiki olaraq işlədiyini müdafiə edib və Qəzza ilə bağlı dəstək cəbhəsinin açılmasından sonra “Hizbullah”ın tükəndirmə müharibəsinə daxil olması ilə bu tarazlığın dağıldığını irəli sürüb.

Cabir deyib: “2006-cı ildən 2023-cü ilə qədər davam edən çəkindirmə tarazlığı həqiqətən mövcud idi. Lakin “Hizbullah”ın 2023-cü ildə dəstək cəbhəsi çərçivəsində müharibəyə qoşulmasından sonra İsrail təşkilatın hərbi potensialının real vəziyyətini görmək imkanı əldə etdi. Həmin andan etibarən çəkindirmə təsiri aşınmağa başladı”.

İsrailin hədəflərinin yalnız Zəvtər və ətrafı ilə məhdudlaşmaya biləcəyi barədə xəbərdarlıq edən Cabir əməliyyatların daha geniş əraziyə yayıla biləcəyini bildirib. O qeyd edib: “Ən böyük narahatlığım İsrailin hədəflərinin Litani çayının cənubu ilə məhdud qalmaması və əməliyyatların əz-Zəhraninin cənubuna qədər uzana biləcək yeni mərhələyə keçməsidir”.

Uzunmüddətli tükəndirmə siyasəti

Cabir bildirib ki, İsrailin həyata keçirdiyi təxliyə xəbərdarlıqları və məcburi köç siyasətinin əsas məqsədi bölgələri mülki əhalidən boşaltmaqdır.

O deyib: “İsrail bir bölgəni sakinlərindən boşaltdıqda həmin ərazidəki istənilən hərəkəti hədəfə almaq imkanı qazanır. Bu halda avtomobil və ya motosikletlə hərəkət edən hər hansı şəxs potensial hədəfə çevrilir”.

Cabir Cənubi Livanın uzunmüddətli tükəndirmə müharibəsinə sürüklənmiş ola biləcəyi barədə də xəbərdarlıq edib.

“Ən böyük narahatlığım Cənubi Livanın faktiki olaraq uzunmüddətli tükəndirmə müharibəsinin içinə daxil olmasıdır. Çünki sahədəki mövcud göstəricilər gərginliyin qısa müddətdə sona çatacağını və ya əvvəlki nişanalma qaydalarına qayıdılacağını göstərmir”, - deyə o bildirib.

Sahədə və siyasi müstəvidə baş verən prosesləri qiymətləndirən Cabir İsrailin Baş naziri Benyamin Netanyahunun veriləcək itkilərdən asılı olmayaraq hazırkı mərhələdə Livandakı müharibəni dayandırmaq niyyətində görünmədiyini deyib. Cabir İsrailin indiyə qədər elan etdiyi hərbi və siyasi məqsədlərin heç birinə nail olmadığını müdafiə edib.

Cabir qeyd edib: “Təl-Əviv administrasiyası nə “Hizbullah”ın silahsızlaşdırılmasına nail ola bilib, nə də Livana öz şərtlərini qəbul etdirə bilib”.

Mövcud məlumatların bölgədəki vəziyyətin əvvəlki halına qayıtmayacağını göstərdiyini bildirən Cabir müharibənin yeni mərhələyə daxil olduğunu və bunun Cənubi Livandakı mövcud tarazlıqla yanaşı, regionun ümumi quruluşuna da uzunmüddətli təsirlər göstərəcəyini vurğulayıb.

“Hizbullah”la bağlı qiymətləndirmələr də aparan Cabir bildirib ki, təşkilat da hazırkı şəraitdə müharibəni birtərəfli qaydada dayandıra biləcək vəziyyətdə deyil. O qeyd edib ki, sahədəki mürəkkəb dinamika ilə regional və beynəlxalq hesablamaların bir-biri ilə iç-içə keçməsi münaqişənin sona çatdırılmasını daha da çətinləşdirir.

Çəkindirmə tarazlığı yoxdur

Ehtiyatda olan briqada generalı Xəlil əl-Hilu bildirib ki, “Hizbullah”ın istifadə etdiyi PUA-lar İsrailin intensiv hava zərbələri qarşısında effektiv çəkindirmə tarazlığı yarada bilmir. O deyib: “İsrailin vurduğu zərər və verdirdiyi itkilər onun məruz qaldığı itkilərdən qat-qat böyükdür”.

Əl-Hilu xüsusilə fiber-optik kabel vasitəsilə idarə olunan FPV tipli PUA-ların texniki məhdudiyyətlərinə diqqət çəkərək bildirib ki, bu sistemlər mənzil və faydalı yük baxımından mühüm məhdudiyyətlərə malikdir.


“Bu tip PUA-ların effektiv mənzili praktiki olaraq 3 ilə 15 kilometr arasında dəyişir və məntiqi baxımdan ən çox təxminən 20 kilometrə çata bilir. Çünki hava aparatına bağlı olan kabel əlavə çəki yaradır və onun əməliyyat göstəricilərinə mənfi təsir edir. Buna görə də onların 60 kilometrə qədər istifadə oluna bildiyi barədə iddialar hərbi baxımdan real deyil”, - deyə əl-Hilu bildirib.

Əl-Hilu qeyd edib ki, “Hizbullah” sözügedən PUA-lardan İsrailin yaratdığı və təxminən 10 kilometr dərinliyə malik tampon zonadakı İsrail qüvvələrini hədəfə almaq məqsədilə istifadə edir, lakin bunun sahədəki tarazlığı dəyişdirmədiyini müdafiə edir.

Əl-Hilu bildirib: “Xəritəyə baxdıqda İsrail qüvvələrinin Nəbatiyyəyə xeyli yaxınlaşdığını görürük. Eyni zamanda hava zərbələri, təxliyə xəbərdarlıqları və məcburi köç tətbiqləri əz-Zəhraninin şimalına qədər genişlənir. Təkcə bu fakt belə çəkindirmə tarazlığının aradan qalxdığını göstərir”.

“Hizbullah”ın PUA-lar vasitəsilə İsrailə itkilər verdirərək sahədə təsir yaratmağa çalışdığını bildirən əl-Hilu əlavə edib ki, mövcud inkişaflar İsrailin həm “Hizbullah”a, həm də Livana daha böyük zərər vurduğunu açıq şəkildə ortaya qoyur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Hizbullah  


Bizi "telegram"da izləyin