Karapetyan: “Paşinyan seçkilərdə qalib gəlməyib, addımlar atacağıq”

2026/06/1780414513.jpg
Oxunub: 317     15:08     12 İyun 2026    
“Güclü Ermənistan” partiyasının sədri Samvel Karapetyan iyunun 7-də keçirilən seçkilərin saxtalaşdırıldığını iddia edib.

Ordu.az xəbər verir ki, bu barədə Karapetyan KİV nümayəndələri ilə söhbətində danışıb.

Onun sözlərinə görə, keçirilən seçkilər tamamilə uğursuz və saxtalaşdırılmış olub. Karapetyan bildirib ki, təzyiq və qorxu şəraitində seçki keçirmək mümkün deyil. O xatırladıb ki, bölgələrdə partiyanın 780 koordinatoru saxlanılıb.

“Partiyamız əvvəlcə Mərkəzi Seçki Komissiyasına müraciət edib, daha sonra isə Konstitusiya Məhkəməsinə müraciət edəcək. Əsas tələbimiz seçkilərin ikinci turunun keçirilməsidir. Əsas məqsədimiz parlamentdə təmsil olunmaq deyil, Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasıdır”, - deyə Karapetyan qeyd edib.

Bu məqsədə parlament yolu ilə, yoxsa küçə etirazları vasitəsilə nail olunacağı barədə suala cavab verən erməni partiya sədri hər iki variantın mümkün olduğunu bildirib. Onun sözlərinə görə, küçə ssenarisi seçilərsə, prosesdə tək bir lider olmayacaq, çünki Paşinyanın seçkiqabağı siyasətindən zərər görən bütün qüvvələr bu prosesdə iştirak edəcəklər.

Karapetyan əlavə edib ki, əgər hakimiyyət öz qələbəsinə əmindirsə, onların ikinci tur keçirilməsi təklifini qəbul etməlidir.

“Qeyri-legitim hakimiyyət ölkə üçün böyük təhlükələr yaradır”, - deyə o bildirib.

Seçicilərə rüşvət verilməsi ilə bağlı ittihamları cəfəngiyyat adlandıran Karapetyan qeyd edib ki, əgər belə faktlar təsdiqlənərsə, həm təşkilatçılar, həm də icraçılar ciddi şəkildə cəzalandırılmalıdırlar.

“Va-bank” getməyə hazır olub-olmaması ilə bağlı suala cavabında erməni siyasətçi bildirib ki, istəsəydilər, ilk gündən radikal addımlar ata bilərdilər, lakin qanuni çərçivədə hərəkət etməyə üstünlük veriblər.

Karapetyan həmçinin qeyd edib ki, nə Qaqik Tsarukyan, nə də Robert Köçəryanla görüşüb.

“Paşinyan qalib gəlməyib. Onlar da bunu bilir, biz də bilirik, dünya da bunu görür. Ermənistanın legitim hakimiyyətə ehtiyacı var. Biz qalib gəlmədik. Paşinyan da qalib gəlmədi. Məğlub olan erməni xalqıdır”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Karapetyan   Ermənistan  


Bizi "telegram"da izləyin