“Tekatron” çoxməqsədli insansız quru platforması PALEM-i təqdim edib

2026/05/1779450699.jpg
Oxunub: 450     15:50     22 May 2026    
“Tekatron” şirkətinin baş direktoru Rıdvan Özdemir şirkətin hazırladığı PALEM insansız quru platformasının texniki imkanları və istifadə konsepsiyası ilə bağlı açıqlamalar verib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin “SavunmaSanayiST.com” nəşri məlumat yayıb.

Özdemir “SavunmaSanayiST.com”a müsahibəsində bildirib ki, modul arxitekturaya malik PALEM tank əleyhinə əməliyyatlar, kəşfiyyat-müşahidə, logistika dəstəyi və kamikadze pilotsuz uçuş aparatlarının daşınması kimi müxtəlif tapşırıqlarda istifadə oluna bilir.

Özdemir qeyd edib ki, PALEM tırtıllı quruluşa və tam elektrik mühərrikli platformaya malikdir.

“PALEM indiyədək istehsal etdiyimiz quru platformaları arasında ən yüksək imkanlara və ən böyük tonaja malik insansız quru platformasıdır”, - deyə o bildirib.

Təxminən 3 ton ağırlığında olan platformanın 100 kilometr fəaliyyət radiusuna və saatda 25 kilometr maksimal sürətə malik olduğu vurğulanıb.

Özdemir bildirib ki, PALEM modul arxitekturası sayəsində müxtəlif silah sistemləri ilə konfiqurasiya edilə bilir.

Onun sözlərinə görə, platformanın üzərində ROKETSAN istehsalı olan KARAOK tank əleyhinə raket sistemi ilə təchiz edilmiş qülləli versiya da mövcuddur.

Bundan əlavə, platformaya ASELSAN istehsalı olan “SARP Dual” Uzaqdan İdarəolunan Silah Sistemi də inteqrasiya edilə bilir.

Şirkət rəhbəri qeyd edib ki, eyni platforma üzərində konstruktiv dəyişiklik edilmədən müxtəlif tapşırıq sistemlərindən istifadə mümkündür.

Özdemir bildirib ki, PALEM yalnız silahlı missiyalar üçün deyil, logistika dəstəyi və kəşfiyyat-müşahidə fəaliyyətlərində də istifadə oluna bilir.

“Əgər qülləyə ehtiyac yoxdursa və platforma logistika məqsədilə istifadə ediləcəksə, qüllələr çıxarıldıqdan sonra yüksək yük səbəti ilə 1,5 ton sursat və ya ərzaq daşıya bilir və tam fərqli konfiqurasiyaya çevrilir”, - deyə o qeyd edib.

Kəşfiyyat-müşahidə konfiqurasiyasında isə 4 metrlik mast üzərinə elektro-optik sistemlərin inteqrasiya oluna bildiyi bildirilib. Bu imkan sayəsində platformanın müxtəlif əməliyyat tələblərinə uyğun qısa müddətdə yenidən qurula bildiyi vurğulanıb.

Özdemir PALEM-in müxtəlif rabitə infrastrukturları vasitəsilə idarə oluna bildiyini də açıqlayıb. Onun sözlərinə görə, platforma uzaqdan RF idarəetməsi, kabelli istifadə və LTE infrastrukturu üzərindən rabitə imkanlarına malikdir.

Şirkət rəhbəri bildirib ki, platforma radioelektron mübarizə təhdidlərinə qarşı müxtəlif qoruma sistemləri ilə təchiz edilib. “Anti-jam” GNSS sistemlərini alt sistem kimi istifadə edirik. Bu da bizə radioelektron mübarizəyə qarşı ciddi qoruma təmin edir”, - deyə Özdemir bildirib.

“Tekatron”un ilk dəfə SAHA 2026 sərgisi çərçivəsində 4×4 təkərli insansız quru platforması konsepsiyasını da təqdim etdiyi qeyd olunub.

Yeni platformanın yüksək sürət, modul arxitektura və xərc baxımından səmərəli istifadə yanaşması ilə hazırlandığı bildirilib. Platformada kamikadze FPV pilotsuz uçuş aparatlarının inteqrasiyasının mövcud olduğu açıqlanıb.

Özdemir hazırkı konfiqurasiyada platformanın eyni anda 12 kamikadze pilotsuz uçuş aparatını daşıya bildiyini vurğulayıb. “İstifadəçi ehtiyac yaranan zaman bu platformadan istər tək, istərsə də çoxsaylı şəkildə istifadə edə bilər”, - deyə o əlavə edib.

Şirkət rəhbəri qeyd edib ki, “Tekatron”un insansız quru platformaları sahəsində fəaliyyəti 2018-ci ildə başlayıb. Onun sözlərinə görə, şirkət bu günədək müxtəlif fond şirkətləri vasitəsilə çoxsaylı platformaları inventara daxil edib.

Özdemir bildirib ki, 2023-cü ildə Müdafiə Sənayesi Komitəsi ilə imzalanan müqavilədən sonra PALEM platformalarının birbaşa baş podratçı kimi təhvili həyata keçirilməyə başlanıb.

Hazırda platformaların Türkiyə Quru Qoşunlarının istifadəsində olduğu qeyd edilib. Türkiyə Silahlı Qüvvələrinin inventarında yer alan PALEM EFES-2026 təlimində də aktiv şəkildə iştirak edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tekatron   PALEM   Türkiyə  


Bizi "telegram"da izləyin