Ordu.az xəbər verir ki, bu barədə İspaniyanın “El País” qəzeti yazıb.
Nəşr Almaniyadan 5 min ABŞ hərbçisinin çıxarılması niyyəti, Polşada qüvvələrin planlaşdırılan yerləşdirilməsinə yenidən baxılması və Almaniyada “Tomahawk” raketlərinin yerləşdirilməsi layihəsinin dayandırılması təşəbbüsünü xatırladıb.
Qəzetin qiymətləndirməsinə görə, ABŞ NATO ilə daha praqmatik münasibətlər qurmağa çalışır və Avropada yalnız özünün qlobal strateji maraqlarına uyğun hərbi imkanları saxlamaq niyyətindədir.
Bildirilir ki, Vaşinqtonun diqqəti getdikcə daha çox Amerika və Asiya istiqamətinə yönəlir, Avropa isə prioritetlər sırasında geriyə keçir.
Nəşr qeyd edib ki, ABŞ daha əvvəl alyans çərçivəsində üzərinə düşən yükü azaldacağı ilə bağlı xəbərdarlıq etmişdi. Lakin müttəfiqlər yalnız indi dəyişikliklərin real olduğunu anlamağa başlayıblar.
Məqalədə vurğulanıb ki, Berlin, Paris və Brüsseldə transatlantik münasibətlərin Soyuq müharibənin başa çatmasından bəri görünməmiş strateji qeyri-müəyyənlik mərhələsinə daxil olması ilə bağlı narahatlıq artır.
Qəzetin yazdığına görə, Avropa paytaxtlarında narahatlıq yalnız qərarların məzmunu ilə deyil, həm də onların təqdim olunma üsulu ilə bağlıdır.
ABŞ Prezidenti Donald Tramp daha əvvəl Vaşinqtonun NATO çərçivəsində siyasətinə ciddi şəkildə yenidən baxacağını bəyan etmişdi.
Onun sözlərinə görə, NATO İran ətrafındakı vəziyyətdə ABŞ-ni dəstəkləməyib, halbuki Vaşinqton alyans üçün “trilyonlarla dollar” ödəyir.
Sevinc Əliyeva
Ordu.az