“Bloomberg”: Kremldə Ukrayna müharibəsinin dalana dirəndiyi ilə bağlı narahatlıq artır

2026/05/1779446469.jpg
Oxunub: 333     14:40     22 May 2026    
“Rusiya elitasında müharibənin çıxılmaz vəziyyətə düşdüyünü düşünənlər çoxalır”.

Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Nəşrin yazdığına görə, cəbhədə uğurların olmaması, artan itkilər, Ukrayna pilotsuz uçuş aparatlarının getdikcə daha effektiv hücumları və iqtisadi böhran Rusiya rəhbərliyində narahatlığı artırır.

Məlumata əsasən, Kremlin yüksəkvəzifəli nümayəndələrinin bir qismi hesab edir ki, müharibə dalana dirənib və çıxış yolu görünmür.

“Bloomberg”in mənbələrindən birinin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin müharibəni davam etdirmək niyyətində olsa da, onu ilin sonuna qədər öz şərtləri ilə başa çatdırmaq istəyir. Buraya Donbas üzərində tam nəzarətin əldə olunması da daxildir.

Nəşr qeyd edir ki, Putin həmçinin Avropa ilə təhlükəsizlik üzrə daha geniş razılaşma əldə etməyə çalışır. Bu razılaşma Moskvanın ərazi qazanmalarını faktiki olaraq legitimləşdirməlidir.

Bir neçə Avropa diplomatı “Bloomberg”ə bildirib ki, Rusiya hakimiyyət dairələrində əhval-ruhiyyə kifayət qədər pessimistdir. Ukrayna pilotsuz uçuş aparatları artıq təkcə neft emalı və ixrac müəssisələrinin işini pozmur, həm də müharibəni Moskvaya daşıyır.

Məqalədə qeyd olunur ki, mayın 17-nə keçən gecə Moskva vilayətinə qarşı müharibə başlayandan bəri ən böyük pilotsuz uçuş aparatı hücumu həyata keçirilib. Təxminən 600 pilotsuz aparat enerji obyektlərini, hərbi-sənaye müəssisəsini və “Şeremetyevo” hava limanını hədəfə alıb.

“Pilotsuz uçuş aparatı təhlükəsi səbəbindən Putin regionlara səfərlərini demək olar dayandırıb və əsasən Moskva, Moskva vilayəti və Sankt-Peterburqda görünür. Kreml rəhbəri Donbası ələ keçirmək planından imtina etməyib və Rusiya hərbi komandanlığı Putini buna payıza qədər nail olmağın mümkün olduğuna inandırır. Ukrayna ordusu əks-hücumları artırır və pilotsuz sistemlərdən daha geniş istifadə edir. ABŞ Müharibə Nazirliyinin kəşfiyyat məlumatlarına görə, Ukrayna qüvvələri son aylarda təxminən 400 kvadrat kilometr ərazini geri qaytarıb”, - deyə nəşr bildirib.

Ukrayna baş nazirinin müavini və rəqəmsal transformasiya naziri Mixail Fyodorov jurnalistlərə açıqlamasında bildirib ki, Ukrayna “düşmənin hücum tempini əhəmiyyətli dərəcədə zəiflədib və təşəbbüsü tədricən geri qaytarır”.

Nəşr əlavə edib ki, Rusiya tərəfdarı olan hərbi bloqerlər belə artıq yeni səfərbərlik çağırışları etmirlər. Onların fikrincə, pilotsuz uçuş aparatlarının üstünlüyü səbəbindən kütləvi canlı qüvvə cəbhədə dönüş yaratmayacaq, yalnız itkiləri artıracaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kreml   Ukrayna  


Bizi "telegram"da izləyin