Ordu.az xəbər verir ki, Birləşmiş Krallıq Müdafiə Nazirliyi 2026-cı ilin martında müqavilə çərçivəsində sifariş edilən ümumilikdə 48 F-35B döyüş təyyarəsinin təhvil prosesinin tamamlandığını açıqlamışdı.
Lakin son partiyada olan iki təyyarə texniki problem səbəbilə ölkəyə çata bilməyib.
Məlumata görə, ABŞ-nin Texas ştatındakı Fort-Uort müəssisəsindən havaya qalxan F-35B-lər təhvil uçuşu zamanı nasazlıqla üzləşib və bundan sonra Tersera adasındakı “Lajes” Beynəlxalq Hava Limanına məcburi eniş edib.
Eyni partiyadakı üç F-35B ötən ay RAF Marham bazasına çatıb, sıradan çıxan iki təyyarənin isə hələ də texniki baxım və təmir prosesində olduğu bildirilir.
Təyyarələrdə yaranan nasazlığın mahiyyəti barədə rəsmi açıqlama verilməsə də, döyüş təyyarələrinin Birləşmiş Krallığa təhvil verilməzdən əvvəl təmir olunmalı olduğu qeyd edilib.
Bu hadisə F-35 proqramında uzun müddətdir müzakirə olunan texniki problemləri, ehtiyat hissələrinin çatışmazlığını və aşağı döyüş hazırlığı göstəricilərini yenidən gündəmə gətirib.
Bənzər hadisə daha əvvəl Belçika Hərbi Hava Qüvvələrinə məxsus bir F-35A döyüş təyyarəsində də baş vermişdi. Təhvil uçuşu zamanı yaranan texniki problem səbəbilə həmin təyyarə də Azor adalarında eniş etməyə məcbur olmuşdu.
Hadisə keçən il Hindistanda yaşanan diqqətçəkən F-35B böhranını da yenidən xatırladıb.
HMS Prince of Wales qrupuna aid Birləşmiş Krallıq F-35B döyüş təyyarəsi 2025-ci ilin iyununda əlverişsiz hava şəraiti və aşağı yanacaq ehtiyatı səbəbilə Hindistanın Kerala ştatına məcburi eniş etmişdi.
Təyyarədə yaranan hidravlik nasazlıq uzun müddət aradan qaldırılmamış, döyüş təyyarəsi təxminən bir ay hava limanında qalmaq məcburiyyətində qalmışdı. Hadisə Hindistanda sosial mediada geniş rezonans doğurmuş, Kerala Turizm İdarəsinin təyyarə ilə bağlı yumorlu paylaşımı isə beynəlxalq mətbuatda diqqət çəkmişdi.
Birləşmiş Krallıq donanmasında imkan və personal problemlərinin davam etdiyi bildirilir. Hazırkı mərhələdə London yalnız qısa qalxış və şaquli eniş qabiliyyətinə malik F-35B variantını alıb. Sifariş edilən 48 təyyarədən biri 2021-ci ildə baş verən qəza nəticəsində itirilib.
London rəhbərliyi əlavə olaraq 12 F-35A və 15 F-35B daxil olmaqla ümumilikdə 27 yeni döyüş təyyarəsi də almağı planlaşdırır.
Birləşmiş Krallıq Milli Audit Ofisinin açıqladığı hesabatlarda isə F-35 proqramında təhvil gecikmələri, infrastruktur çatışmazlıqları, mühəndis qıtlığı və aşağı döyüş hazırlığı səviyyəsinə diqqət çəkilib. Hesabatda həmçinin “Meteor” və SPEAR 3 sursatlarının F-35 platformasına inteqrasiyasında da ciddi gecikmələrin olduğu qeyd edilib.
Əməliyyat tempi də donanmanı çətin vəziyyətdə qoyub. Xüsusilə 2025-ci ildə həyata keçirilən Hind-Sakit okean bölgəsi yerləşdirmələri və Yaxın Şərq missiyaları səbəbilə Birləşmiş Krallıq F-35B parkının ciddi əməliyyat yükü altında qaldığı bildirilir.
Birləşmiş Krallıq Müdafiə Nazirliyi 2026-cı ilin martında RAF-a məxsus F-35B döyüş təyyarələrinin İordaniya hava məkanında İrana məxsus tək istiqamətli hücum pilotsuz uçuş aparatını AIM-132 ASRAAM və AIM-120 AMRAAM raketləri ilə vurduğunu açıqlamışdı. Bu hadisə Birləşmiş Krallıq F-35 donanmasının ilk “hava-hava” qarşılaşması kimi qeydə alınmışdı.
Lakin intensiv əməliyyat tempi, ehtiyat hissələrinin çatışmazlığı və modernizasiya gecikmələri səbəbilə donanmada texniki və logistik problemlərin davam etdiyi qiymətləndirilir.
Sevinc Əliyeva
Ordu.az