Ordu.az xəbər verir ki, bu barədə ABC telekanalı amerikalı rəsmilərə və telekanalın əldə etdiyi daxili sənədlərə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ ordusu büdcə kəsiri ilə mübarizə çərçivəsində onlarla tibbi təlim proqramını dayandırıb.
ABC-nin məlumatına əsasən, söhbət maliyyə ilinin sentyabrda başa çatacaq ikinci yarısında ləğv edilən azı 34 kursdan gedir. Bu proqramların əksəriyyəti ön xətdə yardım göstərilməsi ilə bağlı olub.
Digər proqramlar arasında yüksək ixtisaslı tibb işçilərinin hazırlanması və attestasiyası, hava təxliyəsinin idarə olunması, heyvanlara qulluq, qida təhlükəsizliyinin yoxlanılması və radiasiya təhlükəsi şəraitində fəaliyyət üzrə kurslar da yer alıb.
Telekanalın məlumatına görə, ABŞ ordusunun komandirlərinə əməliyyat xərclərinin artması fonunda büdcə xərclərini ciddi şəkildə yoxlamaq və optimallaşdırmaq tapşırılıb. Bildirilib ki, buna İranla münaqişə və yanacaq qiymətlərinin artması da təsir göstərib.
ABŞ Nümayəndələr Palatasının ayırmalar komitəsinin sədri Tom Koul mayın 22-də xəbərdarlıq edib ki, Konqres təcili şəkildə yeni maliyyə paketi qəbul etməsə, Pentaqon artıq avqust ayında İranla münaqişənin maliyyələşdirilməsi üçün nəzərdə tutulmuş vəsaiti tükədə bilər.
“Iran War Cost Tracker” portalının məlumatına görə, İrana qarşı 82 gün davam edən hərbi əməliyyatlar ərzində ABŞ Prezidenti Donald Trampın administrasiyası artıq 87 milyard dollardan çox vəsait xərcləyib.
Sevinc Əliyeva
Ordu.az