Tehran üçün təhlükəli dönüş: Çin və Rusiya geri çəkilir?

2026/05/1779436311.jpg
Oxunub: 610     17:53     22 May 2026    
“Reuters” məlumat yayıb ki, mayın 21-də İranın ali dini lideri Müctəba Xameneyi ölkə ərazisindən zənginləşdirilmiş uran ehtiyatlarının çıxarılmasını qadağan edib. Bu isə ABŞ ilə vasitəçilər üzərindən aparılan danışıqların “çıxılmaz vəziyyətə düşə biləcəyi” anlamına gəlir. Pakistan tərəfi bir gün əvvəl “informasiya sızmasına yol verib” ki, “kiçik razılaşma” variantı müzakirə olunur və onun əsas maddələrindən biri, ehtimal ki, İranın “nüvə proqramının dondurulması” ilə bağlıdır.

İranın dini liderinin sərt qərarı Çin və Rusiya liderlərinin danışıqlarından bir gün sonra qəbul edilib. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Pekində TASS-ın müxbirinə bildirib ki, Si Cinpin və Vladimir Putin “çox mühüm razılığa gəliblər”. Görünür, söhbət İranın zənginləşdirilmiş uran ehtiyatlarının ölkədən çıxarılmasından gedir.

Mayın 15-də ABŞ Prezidenti Çindən vətənə qayıdarkən jurnalistlər üçün brifinq keçirib. İranla danışıqlarla bağlı suala cavab olaraq o bildirib ki, Si Cinpinlə birlikdə razılığa gəliblər ki, İran İslam Respublikası “heç vaxt nüvə silahına sahib olmamalıdır”. Zənginləşdirilmiş uran ehtiyatlarına gəlincə, Tramp qeyd edib ki, onları çıxarma texnologiyasına “yalnız ABŞ malikdir, bəlkə də Çin də” malikdir.

Görünür, Vladimir Putin Si Cinpini İranın zənginləşdirilmiş uran ehtiyatlarını “depozit kimi qəbul etmək” təklifindən imtina etməyə inandıra bilib, ABŞ isə israr edib ki, həmin ehtiyatlar “Rusiyaya saxlanmaq üçün verilməməlidir” və İranın dini lideri “danışıqları çıxılmaz vəziyyətə aparan qərar” qəbul edib.

Bu versiyanı Tehranın Moskvadakı səfiri Cəlalinin “Kommersant” qəzetinə verdiyi müsahibə də təsdiqləyir. O, ABŞ Prezidenti Trampı “yeganə oyun qurucu kimi görünmək” niyyətinə görə tənqid edib.

“Rusiya ardıcıl və davamlı şəkildə müsbət rol oynayır və biz onun bu və ya digər ziddiyyətlərin aradan qaldırılmasına yönəlmiş təkliflərini alqışlayırıq. Amma ABŞ Prezidenti yeganə qəhrəman olmaq istəyir və başqasının da sülhməramlı şöhrət qazanmasını istəmir”, - deyə Cəlali bildirib.

Aydın olur ki, ABŞ Prezidenti İran ətrafındakı nizamlanmada Rusiya Prezidentinin fəal iştirakına qarşıdır. Əgər doğrudan da Pekində Si-Putinin “çox mühüm razılığı” İranın nüvə ehtiyatları ilə bağlıdırsa, onda faktiki olaraq belə çıxır ki, formal olaraq İran İslam Respublikasının strateji müttəfiqləri sayılan Rusiya və Çin liderləri Tehranı diplomatik çıxış ehtimalının son dərəcə az olduğu bir çıxılmaz vəziyyətə sürükləyiblər.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tehran   Çin   Rusiya  


Bizi "telegram"da izləyin