“Münasibətlərimiz özünüyetərlidir, beynəlxalq cari konyunkturadan asılı deyil və hazırkı dövrdə dövlətlər və xalqlar arasında münasibətlərin necə qurulmalı olduğuna nümunədir”, - deyə Rusiya Prezidenti mətbuat üçün açıqlamasında bildirib.
Vladimir Putin vurğulayıb ki, Rusiya və Çin “qlobal bazarlardakı mənfi tendensiyalardan qorunan sabit qarşılıqlı ticarət sistemi formalaşdırıblar”. O, həmçinin əmtəə dövriyyəsinin rubl və yuanla həyata keçirilməsini vacib hesab edib. Putin, həmçinin Çində Rusiya tərəfindən AES-in enerji blokunun tikintisindən danışıb və Moskvanın “enerji daşıyıcılarının fasiləsiz tədarükünü davam etdirməyə” hazır olduğunu təsdiqləyib.
Öz növbəsində Si Cinpin qeyd edib ki, Rusiya və Çin “beynəlxalq ədalətin qorunmasına mühüm töhfə verirlər”, hər iki ölkə “uzun illərdir ittifaqlara qoşulmamaq prinsipinə sadiq qalır”. Çin lideri yekun olaraq bildirib ki, iki ölkə “BMT-nin nüfuzunu qətiyyətlə qoruyacaq və hegemoniyanın təzahürlərinə qarşı çıxacaq”.
Sonuncu ifadənin ünvanı, şübhəsiz ki, ABŞ-dir. BMT-nin nüfuzunun qorunması baxımından Çinin prinsipial problemi yoxdur. Amma Rusiya məsələsində Si Cinpinin bu təsdiqi, yumşaq desək, ikimənalı səslənir.
BMT Nizamnaməsinin əsasında bütün ölkələrin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipi dayanır ki, Rusiya bunu Gürcüstan və Ukrayna olmaqla iki ölkəyə münasibətdə kobud şəkildə pozub və gizlətmir ki, bütün postsovet məkanı onun “təsir zonasıdır”. Diqqət çəkən başqa bir məqam da odur ki, Çin lideri Rusiya ilə enerji sahəsində proqramlardan danışmayıb.
Rusiya Prezidenti, görünür, Pekinə səfərinin əsas məqsədinə nail olub, Si Cinpin Donald Trampla “dünyanın bölünməsi üzrə separat razılaşma” ilə bağlı Putinin şübhələrini dağıdıb. Ən azı onun açıq bəyanatından belə nəticə çıxır. Rusiya Prezidentinin köməkçisi Uşakov TASS-a bildirib ki, Putin və Si “çox vacib bir məsələ ilə bağlı razılıq əldə ediblər”. Hələlik onun nəyi nəzərdə tutduğunu təxmin etmək belə çətindir. Proqrama əsasən, Putin və Si çay süfrəsi arxasında da “dostcasına və səmimi söhbət etməlidirlər”.
Asif Cəfərov
Ordu.az