Paşinyan: “2018-ci ildə sürətlə uçuruma gedən bir maşının sükanı arxasına keçdim”

2026/05/1779355032.jpg
Oxunub: 332     13:01     21 May 2026    
“2018-ci il mayın 9-da böyük sürətlə uçuruma doğru gedən bir maşının sükanı arxasına keçdim”.

Ordu.az xəbər verir ki, bunu İrəvanın baş naziri Nikol Paşinyan Ağrı vilayətinin Geğanist kəndində keçirilən seçkiqabağı təşviqat zamanı deyib.

Hakim “Vətəndaş Müqaviləsi” partiyasının seçki siyahısına rəhbərlik edən Paşinyan bildirib ki, erməni xalqının dövlətin formalaşması tarixində təsiri çox az olub.

Onun sözlərinə görə, 1918-ci ildə Ermənistan Tiflisdə elan olunub və uzun müddət hökumət İrəvanda toplaşmayıb, 1990-1991-ci illərdə baş verən proseslər isə SSRİ-nin dağılması ilə bağlı olub.

“2018-ci ildə baş nazir seçiləndə əsas ritorikamız bundan ibarət idi ki, hakimiyyət ölkəni erməni xalqının dövlətin formalaşmasına və itirilməsinə təsirinin minimum olduğu tarixi mərhələdən çıxarmalıdır”, - deyə Paşinyan bildirib.

O qeyd edib ki, Ermənistanın taleyi ölkə sərhədlərindən kənarda müəyyən edilirsə, dövlət buna qarşı çıxacaq qədər güclü olmalıdır.

“2018-ci ildən etibarən gördüyünüz hər şey məhz bu proseslə bağlıdır. Qarabağ məsələsi çoxdan həll olunmuşdu və gündəmdə Ermənistan məsələsi var idi. Biz bunu dərhal yox, zamanla başa düşdük. 2022-ci ilin sentyabr-oktyabr aylarında müşavirə keçirdim və müzakirə etdik ki, dövlətçilik və müstəqillik yolu ilə gedirik, yoxsa təslim oluruq. Mənim üçün təslim olmaq məsələsi yox idi, lakin risklər çox böyük idi”, - deyə o vurğulayıb.

Paşinyan bildirib ki, Ermənistanın müstəqilliyi, dövlətçiliyi və suverenliyi prioritet olmasaydı, bu gün Ermənistan dövlət kimi faktiki olaraq itirilmiş olardı.

Baş nazir qeyd edib ki, Ermənistan xarici müdaxilələr olmadan regionda yaşamağı öyrənməlidir.

“Əvvəllər Azərbaycan və Türkiyə ilə danışmaq üçün üçüncü ölkələr vasitəsilə xəbər göndərirdik, cavabı da həmin vasitəçilərdən alırdıq. Amma sonradan başa düşdük ki, nə bizim göndərdiyimiz xəbər düzgün çatır, nə də bizə göndərilən cavab”, - deyə Paşinyan bildirib.

O qeyd edib ki, Qarabağ münaqişəsi üzrə bütün danışıqlar dövründə vasitəçilər masaya elə təkliflər qoyublar ki, bunlar problemin həllini mümkünsüz edib.

Paşinyan keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyanı da tənqid edib.

“Mən dəhşətlə qeyd edirəm ki, həmin adamlar nə danışdıqlarını, nə ilə məşğul olduqlarını anlamayıblar”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin