Ordu.az xəbər verir ki, yenilənmiş yardım rəqəmləri Almaniyanın Ukraynaya yardımlarını izləyən “German Aid to Ukraine” məlumatlarına əsaslanaraq Ukrayna Müdafiə Nazirliyi tərəfindən paylaşılıb.
Nazirlik Almaniyanın həmin proqram çərçivəsində ümumi öhdəliyinin təxminən 900 milyon avro səviyyəsinə çatdığını açıqlayıb.
Göstərilən maliyyə dəstəyinin 2024-cü ilin yazında başlanmış təşəbbüsün əhatəsini ciddi şəkildə genişləndirdiyi bildirilir. İlkin planda Ukraynaya 800 min ədəd 155 mm və 122 mm artilleriya sursatının təhvil verilməsi nəzərdə tutulurdu.
Proqramın iki illik müddətində tərəfdaş ölkələrin milyardlarla avro investisiya etdiyi, bunun nəticəsində 2026-cı ilin fevralına qədər Ukrayna ordusuna ümumilikdə 4,4 milyon ədəd iriçaplı sursat təhvil verildiyi qeyd olunur.
Almaniyanın xüsusilə artilleriya dəstəyini prioritet sahələrdən biri hesab etdiyi və bundan əvvəl ictimaiyyətə açıqlanan ən böyük töhfənin 576 milyon avro dəyərində 180 min ədəd 155 mm artilleriya sursatı paketi olduğu xatırladılıb.
Əlavə ödənişlərin detalları gizli saxlanılıb
Almaniyanın sonrakı töhfələri ilə bağlı detalların uzun müddət ictimaiyyətdən gizli saxlanıldığı bildirilir. Alman rəsmilərinin yalnız əlavə dəstək siqnalı verdiyi, lakin konkret rəqəm açıqlamadığı qeyd olunur.
Ümumi öhdəliyin təxminən 900 milyon avroya çatması ən azı bir böyük əlavə ödənişin daha edildiyini ortaya qoyur. Berlin hökumətinin həmin 300 milyon avronu bir dəfəyə və ya bir neçə fərqli gizli sifariş şəklində ayırmış ola biləcəyi dəyərləndirilir.
Əlavə vəsaitlə hansı sursat növlərinin alındığı isə hələlik məlum deyil. Almaniya Müdafiə Nazirliyinin sursatın çapı və ya miqdarı ilə bağlı suallara cavab vermədiyi bildirilir.
Mövcud bazar qiymətləri əsasında hesablandıqda, 300 milyon avroluq büdcənin təxminən 94 min ədəd 155 mm sursat alınmasına yetə biləcəyi qeyd olunur.
Bununla yanaşı, həmin vəsaitin hələ də Sovet dövründən qalan sistemlərdə geniş istifadə edilən 122 mm sursatların tədarükünə də yönəldilmiş ola biləcəyi və bu çərçivədə 100 mindən çox sursat alınmasının mümkün olduğu bildirilir.
Çex təşəbbüsü mühüm rol oynayır
Məlumatlara görə, Çex sursat təşəbbüsü Almaniyanın 2024-cü il ərzində maliyyələşdirdiyi ümumi 155 mm artilleriya sursatı tədarüklərinin təxminən 56 faizini təşkil edib. Qalan sursatların isə müxtəlif təchizat kanalları və birbaşa razılaşmalar vasitəsilə təmin edildiyi qeyd olunub.
Digər tərəfdən, Ukrayna ilə Almaniyanın qısa müddət əvvəl müdafiə innovasiyalarının hazırlanmasına yönəlmiş birgə qrant proqramı olan “Brave Germany” təşəbbüsünü də başladığı xatırladılıb.
Sevinc Əliyeva
Ordu.az