Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixiyin yaydığı bəyanatda bildirilib.
Açıqlamada qeyd olunub ki, Kiyev Rusiyanın genişmiqyaslı işğalının ilk günlərindən etibarən Yunanıstanın Ukraynaya göstərdiyi dəstəyi yüksək qiymətləndirir və baş verən hadisəni davam edən müharibənin nəticəsi kimi qiymətləndirir. Ukrayna tərəfi vurğulayıb ki, insident Ukraynaya qarşı davam edən Rusiya təcavüzünün yaratdığı şəraitin nəticəsidir və buna görə də Yunanıstan qarşısında üzrxahlığını ifadə edir.
Bəyanatda həmçinin qeyd olunub ki, Ukrayna dəniz təhlükəsizliyi məsələlərini və Rusiyanın “kölgə donanması” adlandırılan fəaliyyətini regional və beynəlxalq təhlükəsizlik üçün ümumi problem hesab edir. Kiyev beynəlxalq hüquqa və mülki gəmiçiliyin təhlükəsizliyi prinsiplərinə sadiqliyini bir daha təsdiqləyib, gələcəkdə oxşar hadisələrin qarşısının alınması üçün əməkdaşlığa hazır olduğunu bəyan edib.
Ukrayna Xarici İşlər Nazirliyi vurğulayıb ki, bu cür hadisələr Rusiya hərbi təcavüzünün təkcə Ukrayna üçün deyil, həm də qonşu dövlətlər, Avropa və ümumilikdə beynəlxalq təhlükəsizlik üçün təhlükə yaratdığını göstərir. Rəsmi Kiyev Yunanıstanla qarşılıqlı maraq doğuran bütün sahələrdə konstruktiv dialoqun davam etdirilməsi və ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi niyyətində olduğunu da bildirib.
Yunanıstan mediasının məlumatına görə, balıqçılar tərəfindən Lefkada adası yaxınlığında aşkar edilən platforma “Kozak Mamay” tipli insansız dəniz platformasına bənzəyir. Ehtimal olunur ki, idarəetmə sistemində yaranan nasazlıq nəticəsində platforma həmin əraziyə sürüklənib. Bildirilir ki, qurğunun daxilində təxminən 100 kiloqram partlayıcı maddə olub.
Bir sıra yunan mənbələri platformanın Aralıq dənizində fəaliyyət göstərən Rusiyanın “kölgə donanması” ilə əlaqəli gəmilərdən birinə hücum etmək üçün nəzərdə tutulduğunu iddia edir. Hadisədən sonra Yunanıstan hakimiyyəti Aralıq dənizinin hərbi əməliyyatlar zonasına çevrilməsinə imkan verməyəcəklərini bəyan edib. Bundan əvvəl Yunanıstanın müdafiə naziri Nikos Dendias Ukraynanın ölkəsinə “çox böyük üzr borclu olduğunu” bildirmişdi.
Bununla yanaşı, Ukrayna Xarici İşlər Nazirliyi aşkar edilmiş platformanın Ukrayna tərəfi ilə əlaqəsini təsdiqləyən etibarlı məlumatların olmadığını da qeyd edib. Buna baxmayaraq, iyunun 3-də Afina partlayıcı ilə yüklənmiş insansız dəniz platformasının aşkar edilməsi ilə əlaqədar Kiyevə rəsmi diplomatik etiraz notası göndərib.
Sevinc Əliyeva
Ordu.az