Erməni şərhçi: “Avropa 2,7 milyard avro müqabilində Ermənistanı təslim etməyə çalışır”

2026/05/1778653705.jpg
Oxunub: 528     11:27     14 May 2026    
“Rusiya Ermənistanın seçki prosesində öz maraqlarının qiymətini artırır və “qırmızı xətləri”ni müəyyənləşdirməyə çalışır”.

Ordu.az xəbər verir ki, bu barədə erməni siyasi şərhçi Hakob Badalyan 168 TV-nin “Review” proqramında bildirib.

Erməni şərhçi Ermənistan ətrafında kəskinləşən geosiyasi rəqabət, Avropa İttifaqının ölkədə artan fəallığı və Rusiya prezidenti Vladimir Putinin mayın 9-da səsləndirdiyi açıqlamaları şərh edərkən qeyd edib ki, Kremlin əsas məqsədi Rusiyanın regiondakı təsirini qorumaq və onu “oyundankənar vəziyyətə” salmağa imkan verməməkdir.

Hakob Badalyanın sözlərinə görə, Ermənistan-Avropa İttifaqı sammitinə “tarixi” görüntü verilməsi Avropa mövzusunun Ermənistan cəmiyyətinə, ilk növbədə isə seçki elektoratına satılması məqsədi daşıyır.

“O məqsəd çox sadədir. Ermənistan bu gün Orta Dəhliz layihəsi baxımından əhəmiyyətlidir. Amma Avropa üçün bu məsələdə Ermənistanla müqayisədə Azərbaycan və Türkiyə daha vacibdir və avropalılar bunu açıq şəkildə etiraf edirlər”, - deyə erməni şərhçi bildirib.

Hakob Badalyan diqqətə çatdırıb ki, Ermənistan-Avropa İttifaqı birgə bəyannaməsi 44 maddədən ibarətdir və bu, təsadüfi deyil. O hesab edir ki, 44 günlük müharibədən sonra regiondakı status-kvo dağılıb və bunun nəticəsində Avropa İttifaqı Cənubi Qafqaza geosiyasi genişlənmə üçün daha geniş imkan əldə edib.

Erməni şərhçinin fikrincə, Avropa İttifaqı Ermənistanla bağlı daha çox “şüar siyasəti” yürüdür, Azərbaycan və Türkiyə ilə isə konkret razılaşmalara nail olmağa çalışır.

“Azərbaycan və Türkiyə Avropadan açıq şəkildə yüksək qiymət tələb edir. Bu qiymətin içində Ermənistan mühüm yer tutur. Başqa sözlə, Orta Dəhlizin formalaşdırılması müqabilində Ermənistanla bağlı məsələlər həmin qiymətin əsas hissələrindən biridir. Avropanın rolu isə Ermənistanı bu qiyməti ödəməyə razı salmaqdır”, - deyə o vurğulayıb.

Hakob Badalyan qeyd edib ki, Avropa İttifaqının Ermənistan üçün “şirni payı” 2021-ci ildən vəd edilən təxminən 2,7 milyard avroluq maliyyə yardımıdır.

“Bu, Ermənistanın Azərbaycan və Türkiyənin təsəvvürlərinə daha rahat uyğunlaşması üçün vəd edilən “kökə”dir ki, nəticədə həmin Orta Dəhliz formalaşsın və Avropa da orada öz payını əldə etsin”, - deyə erməni şərhçi bildirib.

Hakob Badalyan Nikol Paşinyanın mayın 9-da Moskvada keçirilən hərbi parada qatılmamasına da toxunub. O xatırladıb ki, mayın 4-5-də İrəvanda Paşinyana seçkiqabağı siyasi və təbliğat dəstəyi məqsədilə Avropa tədbirləri təşkil olunmuşdu.

Erməni şərhçi hesab edir ki, həmin tədbirlərin əsas məqsədi nümayiş və siyasi şou yaratmaq idi və bu tədbirlərdən cəmi bir neçə gün sonra Paşinyanın Moskvadakı hərbi parada getməsi “Avropa şousunun” bütün təbliğat effektini puça çıxarardı.

“Biz bilirik ki, Nikol Paşinyan Avropa mövzusunu öz seçici bazası üçün maksimum kapitallaşdırmağa çalışır. Eyni zamanda Avropadan daxili siyasi proseslərdə nümayiş etdirdiyi davranışlara loyal münasibət gözləyir. Belə vəziyyətdə bir neçə gün sonra Moskvaya getmək bütün bu təbliğat effektini məhv edərdi”, - deyə Hakob Badalyan qeyd edib.

Erməni şərhçi, həmçinin Vladimir Putinin Ermənistanın Avropa İttifaqına üzvlük və ya Avrasiya İqtisadi Birliyində qalmaq məsələsində mümkün qədər tez qərar verməli olması ilə bağlı açıqlamasını da şərh edib.

“Məncə, Rusiya prezidenti sadəcə Ermənistanın seçki proseslərində Rusiyanın maraqlarının qiymətini artırır. Moskva öz “qırmızı xətləri”ni müəyyənləşdirməyə və onlara əməl olunmasında israrlı olduğunu göstərməyə çalışır. Son dövrlər iqtisadi sahədə də müəyyən addımlar görürük və Ermənistanın bu sahədə Rusiyadan asılılığı çox böyükdür”, - deyə o bildirib.

Hakob Badalyanın fikrincə, Rusiyanın bu davranışı digər beynəlxalq oyunçuların, yəni Avropa İttifaqı və ABŞ-nin Ermənistanın daxili proseslərinə açıq müdaxiləsi ilə bağlıdır.

“Ona da diqqət yetirək ki, Rusiya birbaşa hansısa siyasi qüvvəyə dəstək vermir. Sadəcə bildirir ki, öz maraqlarını qorumaqda qərarlıdır və “oyundankənar vəziyyətə” düşmək istəmir”, - deyə siyasi şərhçi vurğulayıb.

Avropa İttifaqına mümkün üzvlük perspektivinə toxunan Hakob Badalyan bunun çox uzaq gələcəyin məsələsi olduğunu bildirib və əlavə edib ki, Avropa İttifaqının Ermənistanı öz sıralarına qəbul etmək niyyəti yoxdur.

“Mən hesab edirəm ki, Türkiyə Avropa İttifaqına daxil olmadan Cənubi Qafqazda hansısa dövlətin Aİ üzvü olması real görünmür. Türkiyə isə Fransa Avropa İttifaqında qaldığı müddətdə çətin ki, Aİ üzvü olsun”, - deyə o bildirib.

Hakob Badalyan hesab edir ki, əsas təhlükələrdən biri Cənubi Qafqazda sabitlik deyil, məhz destabilizasiya üzərində geosiyasi mərc qoyulmasıdır.

“Avropa üçün bunun əhəmiyyəti artır və Avropa İttifaqı öz maraqlarını irəli aparmaq üçün regionda hətta destabilizasiya ssenarisinə üstünlük verə bilər. Çünki Avropa üçün bu yol məhz 44 günlük müharibədən sonra açıldı. Hazırda bütün tərəflər riskləri artırır və sona qədər getməyə hazır olduqlarını göstərirlər”, - deyə erməni şərhçi əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Badalyan   Ermənistan  


Bizi "telegram"da izləyin