Erməni ekspert: “Azərbaycan və Polşa əməkdaşlığının dərinləşməsi geosiyasi kontekstə malikdir”

2026/05/1778571048.jpg
Oxunub: 438     11:30     14 May 2026    
Bu günlərdə Ermənistanın müdafiə naziri Suren Papikyan rəsmi səfərlə Polşada olub, səfər çərçivəsində “Defence24 Days” konfransında iştirak edib, konfransın pavilyonlarında gəzib və nümayiş etdirilən hərbi texnika və silah nümunələri ilə tanış olub.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri yazıb.

“Bundan əlavə, o, Varşavada Slovakiyanın baş nazir müavini, müdafiə naziri Robert Kalinyakla da görüşüb və biz buna artıq toxunmuşuq.

Daha sonra Ermənistanın müdafiə naziri Suren Papikyan Polşanın baş nazir müavini, milli müdafiə naziri Vladislav Kosinyak-Kamiş ilə ayrıca görüş keçirib. Görüş zamanı bu ilin fevralında imzalanmış hərbi-texniki əməkdaşlıq haqqında saziş çərçivəsində hərbi-texniki əməkdaşlığın həyata keçirilməsinin vacibliyi müzakirə olunub və gələcək əməkdaşlığın prioritet istiqamətləri kimi hərbi təhsil, təcrübə mübadiləsi və birgə təlimlərdə iştirak xüsusi olaraq qeyd olunub”, - deyə nəşr bildirib.

Müəllif qeyd edib ki, bununla yanaşı, yaxın vaxtlarda Varşavada Ermənistan səfirliyində müdafiə məsələləri üzrə attaşenin ofisinin açılması barədə razılıq əldə olunub. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin rəsmi açıqlamasında bildirilib.

Nəşrə görə, Vladislav Kosinyak-Kamiş və Suren Papikyan arasındakı danışıqlardan sonra isə Polşa tərəfi bildirib ki, Polşa və Ermənistan birgə hərbi təlimlər keçirmək barədə razılığa gəliblər.

“Sabitlik, təhlükəsizlik və əməkdaşlıq axtaran ölkələr bizim dialoq tərəfdaşlarımızdır. Məhz buna görə biz birgə hərbi təlimlər, hərbi universitetlər arasında əməkdaşlıq və Polşa ilə Ermənistanın müdafiə sənayesi arasında təcrübə mübadiləsində maraqlıyıq”, - deyə Polşa mənbələrinin məlumatına görə, birgə mətbuat konfransında Polşanın müdafiə naziri bildirib.

Ermənistanın “Henaket” analitik mərkəzinin eksperti Şiraz Xaçatryan nərşə açıqlamasında deyib ki, bunun hansı formatda və hansı səslə həyata keçirilməsi önəmlidir, yəni bunun nə dərəcədə geosiyasi komponent daşıdığını nəzərə almaq lazımdır. Bu halda söhbət Polşadan gedir.

Erməni ekspert bildirib ki, Azərbaycan və Polşa əməkdaşlığının dərinləşməsi geosiyasi kontekstə malikdir.

“Ən vacibi odur ki, real vəziyyətdə nə var və informasiya səviyyəsində bunun nə qədər riskli olduğunu başa düşək, çünki qlobal miqyasda dünyadakı aktorların Rusiyaya qarşı ritorikasını nəzərə almaq lazımdır. Yəni anlamaq lazımdır ki, biz nəyinsə içinə daha çox cəlb olunmuruqmu, yoxsa bunun real nəticəsi olacaqmı?

Bu baxımdan belə hallarda, Hindistanla bir çox vəziyyətdə olduğu kimi, Fransa ilə də, əlbəttə, silah alışı ilə bağlı sızmalar istisna olmaqla, daha yaxşısı sakit əməkdaşlıqdır, amma bu da erməni tərəfindən olmur. Ermənistan-Polşa əməkdaşlığının dərinləşməsi, xüsusilə də birgə hərbi təlimlər mövzusu yalnız ikitərəfli müdafiə gündəliyi deyil, daha geniş, geosiyasi məzmun daşıyır.

Sirr deyil ki, Rusiya üçün Polşa düşmən ölkədir, NATO-nun ən sərt anti-Rusiya mövqeyinə malik dövlətlərindən biridir, üstəlik, Ukraynaya hərbi dəstək prosesində fəal iştirak edir. Buna görə də Moskva bunu yalnız Ermənistanın təhlükəsizlik sisteminin qərb istiqamətində yenidən yönəlməsi mərhələsi və ya addımı kimi qəbul etməyəcək. ABŞ, Hindistan və Fransa ilə fəal hərbi əməkdaşlıq fonunda bu, Ermənistan-Rusiya münasibətlərinin yeni pisləşməsinə gətirib çıxaracaq və bu da regionda İrəvana qarşı daha hesablanmış siyasətə çevrilə bilər.

Əminəm ki, bu cür prosesləri Türkiyə və Azərbaycan da diqqətlə izləyir. Ermənistanın Qərb qütbü ilə yeni hərbi tərəfdaşlıq şəbəkəsi yaratmaq istədiyini görərək, paralel olaraq öz gündəmlərini irəli aparacaq, belə əlaqələrin institusional forma almaması üçün təzyiqi gücləndirəcəklər. Demək istədiyim odur ki, əgər nəsə edilirsə, özü də Rusiyaya qarşı müxtəlif yerlərdə fəal təlimlərin olduğu şəraitdə ən azı susmaq lazımdır”, - deyə Xaçatryan qeyd edib.

Məqalədə xatırladılıb ki, “Defence24 Days” çərçivəsində çıxışı zamanı Polşanın baş nazir müavini və müdafiə naziri Vladislav Kosinyak-Kamiş təhlükəsizlik təhdidlərini nəzərə alaraq NATO-ya müdafiə xərclərinin artımını sürətləndirməyi təklif edib. Xüsusilə, onun sözlərinə görə, NATO üzvü olan ölkələr müdafiə xərclərini ÜDM-in 5 faizi səviyyəsinə planlaşdırılandan 5 il tez, yəni 2030-cu ilə qədər çatdırmalıdırlar.

Ermənistan-Polşa münasibətləri kontekstində isə “168.am” xatırladıb ki, 2018-ci il hakimiyyət dəyişikliyindən sonra “Lyubava-Armeniya” şirkəti fəaliyyətini dayandırıb.

“2019-cu ildə Yüksək Texnologiyalar Sənayesi Nazirliyi 168.am-a bildirmişdi ki, “Ermənistanda “Lübava-Armeniya”nın fəaliyyətinin dayandırılması barədə qərar sırf iqtisadi amillərlə bağlı olub”.

Daha sonra “News.am”a müsahibəsində Ermənistandakı keçmiş Polşa səfiri Yeji Novakovski Polşanın “Lubawa SA” şirkətinin Ermənistan müəssisəsinin ləğvi üçün başqa səbəblər göstərmişdi.

“2018-ci il erməni inqilabı “Lyubava”nın fəallaşmasına və işgüzar əməkdaşlığın güclənməsinə ümid yaratmışdı. Nəhayət, “Lyubava” Paşinyanla görüşdən sonra Ermənistanı tərk etmək qərarı verdi. Həmin görüşdə o, şirkəti əvvəlki hökumətlə əməkdaşlıqda ittiham etmiş və demişdi ki, şirkət yeni, “inqilabi” komandanın etimadını gözləyə bilməz”, - deyə diplomat mediaya bildirmişdi.

Qeyd edək ki, “Lyubava-Armeniya” Ermənistan-Polşa birgə ilk hərbi-sənaye müəssisəsi kimi 2014-cü ildən Ermənistanda fəaliyyət göstərirdi və çoxfunksiyalı kamuflyajın müasir texnologiyalarının istehsalı ilə məşğul olurdu. Şirkət hərbi-texniki təyinatlı məhsullar, o cümlədən saxta hədəflər, texniki və digər çadırlar, dəbilqələr, zirehli jiletlər, kamuflyaj torları və s. istehsal edirdi və bütün bunlar NATO standartları əsasında hazırlanırdı”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Polşa   Xaçatryan  


Bizi "telegram"da izləyin