Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Açıq mənbə görüntülərinə görə, sistemin Dubay Beynəlxalq Hava Limanı ətrafında yerləşdirildiyi görünür.
Sosial şəbəkədə paylaşılan görüntülərdə yer alan sistemin Çinin 2022-ci il “Zhuhai” Aviasiya Sərgisində nümayiş etdirdiyi avtomobil üzərində quraşdırılmış taktiki lazer silah sistemi ilə böyük ölçüdə oxşarlıq daşıdığı bildirilir. Açıq mənbə müdafiə analitikləri platformanın “Guangjian-21A” sisteminə bənzədiyini qiymətləndirir, lakin sistemin kimliyi ilə bağlı rəsmi təsdiq verilməyib.
Çinli və ya BƏƏ-li rəsmilər tərəfindən mövzu ilə bağlı rəsmi açıqlama verilməyib.
Aşağı hündürlüklü pilotsuz uçuş aparatı təhdidlərinə qarşı hazırlanıb
2022-ci il “Zhuhai Airshow” sərgisində nümayiş etdirilən sistem xüsusilə mini və mikro sinfə məxsus pilotsuz uçuş aparatlarına, eləcə də aşağı sürətli hava təhdidlərinə qarşı istifadə olunmaq üçün hazırlanmış yönləndirilmiş enerji silahı kimi təqdim edilmişdi.
Avtomobil üzərində quraşdırılmış sistemin aşağıdakı xüsusiyyətlər təqdim etdiyi bildirilmişdi:
aşağı xərc ilə nişanalma,
yüksək dəqiqlik,
işıq sürətində müdaxilə,
aşağı yan təsir riski,
uzunmüddətli tapşırıq qabiliyyəti.
Sistemin müstəqil şəkildə fəaliyyət göstərə bildiyi kimi, çoxsaylı avtomobillər şəbəkəsi daxilində koordinasiyalı formada da işləyə bildiyi qeyd olunur. Bu quruluş sayəsində kritik obyektlərin qorunması, hava limanı təhlükəsizliyi və sıx hava hücumundan müdafiə zonalarında təbəqəli müdafiə tapşırıqlarında istifadə oluna bilir.
Sürü pilotsuz uçuş aparatı təhdidinə qarşı aşağı xərcli həll
Lazer silah sistemlərinin ən mühüm üstünlüklərindən biri sursat asılılığını böyük ölçüdə azaltması kimi önə çıxır.
Klassik hava hücumundan müdafiə sistemlərində hər nişanalma üçün fiziki sursat tələb olunduğu halda, lazer sistemlərində nişanalma qabiliyyəti əsasən enerji istehsalı infrastrukturu ilə məhdudlaşır. Bu, xüsusilə sürü pilotsuz uçuş aparatı hücumları kimi sıx təhdid mühitlərində xərc baxımından səmərəlilik yaradır.
Son illərdə Ukrayna müharibəsi və Yaxın Şərqdəki qarşıdurmalar aşağı xərcli kamikadze pilotsuz uçuş aparatlarının kritik infrastruktur üzərindəki təsirini ortaya çıxardığı bir vaxtda, yönləndirilmiş enerji sistemləri də müasir hava hücumundan müdafiə arxitekturasının tamamlayıcı elementlərindən birinə çevrilir.
Təbəqəli hava hücumundan müdafiə arxitekturasının hissəsi
Ekspert qiymətləndirmələrinə görə, lazer əsaslı hava hücumundan müdafiə sistemləri uzun mənzilli kinetik hava hücumundan müdafiə vasitələrinin yerini tutmaqdan çox, onları tamamlayan sistemlər kimi ön plana çıxır.
Bu cür platformalar xüsusilə aşağıdakılar qarşısında effektiv tapşırıq icra edir:
mini/mikro pilotsuz uçuş aparatları,
FPV pilotsuz uçuş aparatları,
aşağı sürətli hava hədəfləri,
qısa mənzilli təhdidlər.
Radioelektron mübarizə sistemləri və kinetik qarşılayıcılarla birlikdə istifadə olunduqda isə çox təbəqəli hava hücumundan müdafiə arxitekturasına mühüm töhfə verir.
Sevinc Əliyeva
Ordu.az