Rusiya və Ukrayna “atəşkəs”dən sonra hərbi əməliyyatların davam etdirilməsində bir-birini ittiham edib

2026/05/1778237790.jpg
Oxunub: 306     14:52     08 May 2026    
Rusiya və Ukrayna Moskvanın gecəyarısından etibarən birtərəfli qaydada elan etdiyi “atəşkəs”dən sonra hərbi əməliyyatları davam etdirməkdə bir-birini ittiham edib.

Ordu.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski müraciətində Rusiyanın hətta “cəbhədə atəşin dayandırılmasını imitasiya etmək cəhdinin belə olmadığını” bildirib.

Onun sözlərinə görə, gecə ərzində cəbhə mövqelərinə 140-dan çox atəş açılıb, 10 hücum əməliyyatı qeydə alınıb, həmçinin pilotsuz uçuş aparatları ilə yüzlərlə zərbə endirilib.

“Əvvəlki günün nəticələrinə uyğun davrandığımız kimi, bu gün də Ukrayna eyni şəkildə cavab verəcək”, - deyə o bildirib.

Rusiya Müdafiə Nazirliyi isə öz növbəsində açıqlayıb ki, gecəyarısından etibarən bütün Rusiya qoşun qruplaşmaları “döyüş əməliyyatlarını tam dayandırıb”, Ukrayna Silahlı Qüvvələri isə zərbələri davam etdirib.

Qurumun məlumatına görə, ümumilikdə “xüsusi hərbi əməliyyat” zonasında atəşkəs rejiminin 1365 pozuntusu qeydə alınıb.

“Bu şəraitdə Rusiya Federasiyasının Silahlı Qüvvələri atəşkəs pozuntularına güzgü prinsipi ilə cavab verib. Artilleriya və minaatanların atəş mövqelərinə əks-zərbələr endirilib. İdarəetmə məntəqələri və pilotsuz uçuş aparatlarının buraxılış yerləri vurulub”, - deyə qurum bildirib.

“Atəşkəs” Rusiya hakimiyyəti tərəfindən birtərəfli qaydada elan olunmuşdu və onun 2026-cı il mayın 8-i və 9-da qüvvədə olacağı nəzərdə tutulurdu.

Ukrayna rəsmi şəkildə atəşkəsə qoşulmayıb. Rusiya rəsmiləri bəyan ediblər ki, əgər Ukrayna Silahlı Qüvvələri hücumlarını davam etdirsə, Kiyevin mərkəzinə “dağıdıcı” zərbə endiriləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin