“Politico”: Mertsin daxili problemləri Almaniyanın Aİ-də təsirini zəiflədir

2026/05/1778237757.jpg
Oxunub: 354     14:49     08 May 2026    
Almaniya kansleri Fridrix Mertsin daxili siyasi çətinlikləri Berlinin Avropa İttifaqında qərarların qəbulu prosesinə tam təsir göstərməsinə mane olur.

Ordu.az xəbər verir ki, bu barədə Politico nəşri avropalı diplomatlara istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Aİ işçi qruplarının iclaslarında Almaniya nümayəndələri tez-tez Berlinin göstərişlərinin olmaması səbəbindən ölkənin rəsmi mövqeyini ifadə edə bilmirlər. Bildirilib ki, bu artıq bir sıra məsələlərin, o cümlədən tütün məhsullarının tənzimlənməsi və süni zəka sahəsində normativlərin sadələşdirilməsi ilə bağlı müzakirələrin ləngiməsinə səbəb olub.

“Politico”nun həmsöhbətləri Fridrix Mertsin rəhbərlik etdiyi Xristian Demokrat İttifaqı ilə onun koalisiya tərəfdaşları olan sosial-demokratlar arasında mövcud ziddiyyətlərə də diqqət çəkiblər.

Diplomatların fikrincə, Almaniya hökuməti daxilindəki fikir ayrılıqları Aİ ilə ABŞ arasında ticarət sazişinin ratifikasiyasının gecikməsinin səbəblərindən birinə çevrilib.

Eyni zamanda nəşrin mənbələri bildiriblər ki, yaranmış vəziyyətə baxmayaraq, keçmiş kansler Olaf Şoltsun dövründə vəziyyət daha pis idi. Bununla belə, Mertsin hökumət başçısı kimi fəaliyyətinə dair gözləntilər tədricən azalır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Merts   Almaniya  


Bizi "telegram"da izləyin