Kremlin “Qələbə Planı” Sızdı? Xerson və Zaporojye ilə Bağlı Şok İddialar

2026/05/1778236483.jpg
Oxunub: 799     14:40     08 May 2026    
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə Vladimir Putinin 9 may iş qrafikini təqdim edib. Bildirilib ki, Putin Qırmızı Meydanda keçiriləcək ənənəvi hərbi paradda çıxış edəcək, Laos prezidenti, qondarma “Abxaziya və Cənubi Osetiya prezidentləri”, eləcə də Bosniya və Herseqovinanın tərkibindəki Serb Respublikasının rəhbərləri ilə görüşəcək.

Moskvada Slovakiyanın baş naziri Robert Fitso da gözlənilir. Lakin o, Qırmızı Meydandakı hərbi paradda iştirak etməyəcək, yalnız Naməlum Əsgər memorialını ziyarət etməklə kifayətlənəcək və “Slovakiyanın azadlığı uğrunda həlak olanların xatirəsinə ehtiramını bildirəcək”. Rusiya prezidenti ilə Slovakiya baş nazirinin danışıqları da planlaşdırılıb.

Putinlə nəzərdə tutulan görüşdən beş gün əvvəl Slovakiyanın baş naziri Fitso İrəvanda Ukrayna prezidenti Zelenski ilə görüşüb və bundan sonra Kiyevə səfər edə biləcəyini istisna etməyib. O, həmçinin qeyd edib ki, “mövcud fikir ayrılıqlarına baxmayaraq, Ukrayna və Slovakiya qonşu dövlətlərdir”.

İrəvana yola düşməzdən əvvəl Fitso Zelenski ilə görüşünü anons etmişdi. Bu, Avropa demokratik birliyinin sammitində onun əsas missiyasının Zelenski ilə görüş olduğunu göstərən açıq mesaj idi. Bundan belə nəticə çıxarmaq olardı ki, o, yəqin həmin danışıqlardan Putinə “müəyyən mesaj aparacaq”.

Moskvada may paradı və Putin-Fitso danışıqları ərəfəsində “Dosye” mərkəzi “informasiya sızması təşkil edib”. “Məxfilikdən çıxarılan sənəd” Ukraynada nəşr olunan “Novaya yevropeyskaya qazeta”nın əlinə keçib və qəzet onun əsas müddəalarını öz rəsmi “Facebook” səhifəsində də yayımlayıb.

Söhbət guya Rusiya prezident administrasiyasında “Sergey Kiriyenko qrupu” tərəfindən hazırlanmış “Ukraynada qələbə obrazının yaradılması” sənədindən gedir. Həmin sənədə görə, Kremldə qələbə Ukrayna-ABŞ və Rusiya-ABŞ razılaşmaları formasında təsəvvür edilir. Bu razılaşmalar “Krımın, Donetsk və Luqansk vilayətlərinin Rusiyaya məxsusluğunu nəzərdə tutur. Xerson və Zaporojye vilayətlərində sərhəd qoşunların təmas xətti olacaq, Rusiya isə Sumı və Xarkov vilayətlərindən qoşunlarını tamamilə çıxaracaq”.

Vladimir Putinlə telefon danışığından sonra ABŞ prezidenti Tramp bildirib ki, Ukrayna nizamlanması “çox yaxındır və İranla müharibə başa çatmamışdan da tez baş verə bilər”. O, bu nikbinliyin nəyə əsaslandığını açıqlamayıb. “Dosye”nin məlumatının nə dərəcədə real olduğu da şübhə doğurur. Ukrayna prezidenti Zelenskinin qiymətləndirməsinə görə, Putin müharibəni davam etdirmək və ya sülh danışıqlarına getmək arasında seçimi “yayda edəcək”.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kreml   Rusiya   Putin  


Bizi "telegram"da izləyin